Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu – Newtimes.az

12:41 - 12 / 12 / 2017
Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu – Newtimes.az

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir.

Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi! Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac hiss edirik.

Dahilər ölməz: dövlətçiliyin qurtuluşunun üç aspekti

Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin "siyasi portreti" alınar. Və hər kəs də onu dərhal tanıyar: "Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət"!

Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq. Və hər dəfə də yeni bir incəlik tapılacaq. Bu proses sonsuzdur...

1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Elə həmin anda da düşmən düşərgəsində təcrübəli bir siyasətçi "biz batdıq" naləsini çəkdi. Həyat həmin erməni kommunist siyasətçinin haqlı olduğunu sübut etdi!

Və hər şey həmin tarixdən – iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: "bəlkə biz, heç müstəqil dövlət qurmağa qadir deyilik?" Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir.

Əgər cəmiyyətdə dövlət quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə ayaqda durmağa məcbur etmək mümkün deyildir. Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı! Buna necə nail oldu? Hər şeydən əvvəl, təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu.

Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Bu, ilk qələbə idi!

Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir. Onu yolundan döndərmək mümkün deyildir.

Sanki bütün bunları ümumiləşdirərək, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.

İkincisi, Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi. Məsələ ondan ibarətdir ki, xalq hərəkatı dalğası üzərində siyasətə atılanlar bir tərəfdən, köhnə kommunist nomenklaturasının Kremldən asılı olan qrupları, digər tərəfdən, Azərbaycanda siyasi təfəkkürü məhdud məhəlli çərçivəyə salaraq ondan çıxmasına ciddi maneələr törədən qüvvələri təmsil edirdi. Cəmiyyət ifrat milliyətçiliklə imperiyapərəstlik arasında sıxışdırılıb qalmışdı. Azərbaycanı həqiqi mənada müstəqil edə biləcək və "qızıl orta xətti" təşkil edəcək siyasi təfəkkürün formalaşdırılması həyati tələbata çevrilmişdi. Bunu isə yalnız konkret praktiki addımlarla etmək mümkün idi.

Heydər Əliyev daxildəki radikal qrupları zərərsizləşdirməklə məsələnin bir qismini həll etdi. Bir neçə il siyasət meydanında at oynadanlar artıq arxa plana keçmişdi və xalq onları lider kimi qəbul etmirdi. Lakin Ulu öndər çox gözəl başa düşürdü ki, bu, işin bir qismidir. Ona görə də paralel olaraq siyasi mühitdə ciddi islahatlar aparırdı. Onu üç aspektdə bir-biri ilə uyğunlaşdıraraq həyata keçirirdi – sosial-siyasi sabitlik yaradır, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə çıxarır və neft strategiyasını dövlət quruculuğuna təkan verən faktora çevirirdi.

Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı. Ermənistanın Azərbaycana təcavüzünün BMT-də müzakirə edilməsi isə dünyaya bu münaqişənin əsl simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini bütün dünyaya göstərdi. Ancaq Ulu öndər bununla kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının yüksək tribunasından Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual parametrlərini dəqiqliklə geniş auditoriyaya çatdırdı.

Ümummilli lider BMT-dəki nitqlərində Azərbaycanın xarici siyasətinin prioritetlərini ifadə etdi, müstəqil dövlətimizin strateji məqsədlərini açıqladı və bütövlükdə qlobal geosiyasəti necə təsəvvür etdiyini lakonik şəkildə bəyan etdi.

Ulu öndər Azərbaycanın xarici siyasətinin qayəsinin sülh, əməkdaşlıq və barış olduğunu yüksək tribunadan bəyanladı. Bu, təcavüzə məruz qalmış bir dövlətin sivil, demokratik mahiyyətindən və vətəndaş cəmiyyətinin formalaşdırılmasının başlıca məqsədlərdən biri kimi tanınmasından xəbər verirdi. Dünya bunu gördü və qəbul etdi.

Heydər Əliyev BMT-dəki çıxışlarında dünya siyasətinin trendlərini çox gözəl təhlil edərək, onlarda məzmun dəyişikliyinin aparılması zərurətini qətiyyətlə vurğulayırdı. O cümlədən böyük dövlətlərin üzərinə dünya nizamını qorumaq kimi müqəddəs bir vəzifənin düşdüyünü xüsusi vurğulayırdı. Ulu öndər İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin ciddi islahatlara ehtiyacı olduğunu açıq bildirirdi. Bu bağlılıqda Ümummilli lider BMT Təhlükəsizlik Şurasında köklü islahatların aparılması zərurətini vurğulayırdı. Ulu öndər bütün dünya dövlətlərini barış, əməkdaşlıq və sülhə dəvət edir, Azərbaycanın xarici siyasətində bu məqamların əsas yer tutduğunu qeyd edirdi. Bütün bunlar aydın göstərirdi ki, Azərbaycan siyasi təfəkkürü məhdud məhəlli dairəni çoxdan tərk edib və qlobal miqyasda dünyəvi dövlətçiliyin formalaşdırılmasının başlıca prinsiplərini çox gözəl təqdim etməkdədir.

Təbii ki, bu, çox ciddi geosiyasi yenilik idi. Təsadüfi deyil ki, sonralar dünyanın bir sıra aparıcı liderləri Heydər Əliyevlə bağlı müəyyən etirafları etdilər. ABŞ-ın sabiq prezidentlərindən olan Bill Klinton deyəcəkdi: "Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm...

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur".

Birbaşa Heydər Əliyevə müraciətlə isə ifadə etmişdi: "Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır".

Fransanın sabiq Prezidenti Jak Şirak da Heydər Əliyevə olan heyranlığını gizlətmirdi: "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.

...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir".

ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş isə açıq demişdi: "Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm".

Üçüncüsü, Heydər Əliyev milli ideyanı iflasdan qurtardı. Milli ideya hər bir cəmiyyət üçün mayakdır, onu gələcəyə aparan əsas qüvvədir. O, yalnız cəmiyyət özünün vahid məqsədini müəyyənləşdirdikdə real məzmun kəsb edir. Milli ideya heç zaman boş yerdə yaranmır. Onun konkret prinsipləri olmalıdır. Heydər Əliyev milli ideyanı konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çalarları verdi. Burada vətənsevərlik, vətənpərvərlik və milli dəyərlərin qorunması müasirlik və demokratik cəmiyyətin formalaşması prinsipləri ilə vəhdət təşkil etdi. Bu aspektdə milli ideya ənənə ilə müasirliyin, milli ilə beynəlmiləlin sintezi kimi özünü göstərə bildi. Bütün bunlar isə dövlətçilik şüurunun inkişaf etdirilməsi fonunda konkret məzmun kəsb edə bilər. Heydər Əliyev milli ideyaya XXI əsrin tələblərinə uyğun dövlətçilik şüuru çalarları verməklə sözün həqiqi mənasında inqilabi yenilik edə bildi. Bu baxımdan Heydər Əliyev milli ideyanın həm nəzəri aspektlərini, həm də praktiki reallaşma mexanizmlərini işlədi.

1993-cü ilin birinci yarısına qədər isə milli ideya ciddi təhlükə qarşısında qalmışdı. Cəmiyyətdə dövlətçilik şüuru çox zəif idi və onun inkişaf etdirilməsi üçün heç bir iş görülmürdü. Əksinə, məhdud ideoloji baxışlar cəmiyyəti müxtəlif qruplara parçalamaqda idi. Bu proses davam etsəydi, Azərbaycan cəmiyyətinin bütövləşməsi olduqca çətin bir prosesə çevriləcəkdi. Heydər Əliyev azərbaycançılıqla nəinki cəmiyyətdə deqradasiya prosesinin qarşısını aldı, hətta dövlətçilik şüurunun yeni şəraitə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu bağlılıqda Türkiyənin Baş naziri olmuş, mərhum Bülənd Ecevitin bir fikri çox maraqlıdır. O, ifadə etmişdi: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir". Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer isə açıq söyləmişdi: "...Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır".

Yeni demokratik Avrasiya quruculuğu: Heydər Əliyev imzası

Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun Ulu öndər haqqında dedikləri də diqqəti çəkir: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir... Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir... Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir".

Bu fikirlərdə aydın şəkildə göstərilib ki, Heydər Əliyev tarixi və əfsanəvi bir şəxsiyyət kimi müasir dövrün ən aktual çağırışlarına hazır olub. O cümlədən cəmiyyətin ideoloji cəhətdən hazırlanmasını təşkil edə bilib. Nəticədə, Azərbaycanda başqa yeniliklərlə yanaşı, mədəniyyət və maarifçilik də tərəqqi edib. Daha geniş miqyasda isə Heydər Əliyev demokratik Avrasiyanın yeni tarixinin qurucularından biridir.

Sonuncu məqam Heydər Əliyev şəxsiyyətinin bütün dünya üçün əhəmiyyətini əks etdirir. Avrasiya kimi geniş və ziddiyyətli bir məkanda yeni tarixin yaradıcılarından olmaq böyük qüdrət tələb edir. Heydər Əliyev həyata keçirdiyi siyasətlə bunu yüksək səviyyədə dünyana nümayiş etdirib. Həmin bağlılıqda Ulu öndərin Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində göstərdiyi müdrikliyi, təmkini, qətiyyəti və aktivliyi ayrıca vurğulamaq lazımdır. Hələ həmin qanlı-qadalı illərdə Ümummilli lider daim vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Təcrübə Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. İndi Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, "Yeni İpək Yolu" layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Bu barədə dünyanın aparıcı siyasi liderləri dəfələrlə fikir bildiriblər. Bugünkü mövqeyə gəlib çıxmaqda Ulu öndərin qlobal miqyasda irəli sürdüyü əməkdaşlıq prinsipləri həlledici rol oynayıb.

Beləliklə, Heydər Əliyevin milli qurtuluş fəlsəfəsinin əsas prinsipləri bütövlükdə dövlətimizi yeni inkişaf səviyyəsinə çıxarmış, onu mühüm geosiyasi oyunçuya çevirmişdir. Təbii ki, bu prosesdə Heydər Əliyevin xarici siyasət kursu ciddi rol oynamışdır. Bu bağlılıqda Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun bir fikrini xatırlamaq tam yerinə düşərdi. O ifadə etmişdi: "...Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək Yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir". Bu sözlərdə birbaşa Heydər Əliyevin xarici siyasət kursunun yüksək səmərəliliyi əksini tapıb. Ulu öndər böyük ustalıqla Azərbaycanın milli maraqlarını xarici siyasətin hər məqamında ifadə edir və həmişə müsbət nəticəyə nail olurdu.

Xarici siyasət strategiyasının üç aspekti: mükəmməl kurs

Mütəxəssislər Ümummilli liderin xarici siyasət strategiyasının uğurunu üç faktorla izah edirlər. Birincisi, Heydər Əliyev dövrün çağırışlarına cavab verən xarici siyasi strategiyanı müəyyən etdi. Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illəri ümumən qlobal siyasətdə müxtəlif ziddiyyətli məqamlarla xarakterizə olunurdu. Sosialist düşərgəsinin dağılması ilə geosiyasi mənzərənin sadələşəcəyinə və liberalizmin tam qələbə çalacağına ümid edənlərin gözləntiləri özünü doğrultmadı. Meydana daha mürəkkəb problemlər çıxdı. Onların sırasında müstəqilliyini əldə etmiş dövlətlərin suverenliyini, ərazi bütövlüyünü qorumasını və beynəlxalq münasibətlər sistemində həqiqi yerini müəyyənləşdirməsini qeyd etmək olar. Məhz belə bir şəraitdə Ulu öndər Azərbaycanın xarici siyasətini qlobal geosiyasi reallıqları diqqətə alaraq müəyyənləşdirdi.

İkincisi, bu kurs ölkəmizi əhatə edən geosiyasi reallığı dəqiqliklə nəzərə alırdı. Regionda baş verən proseslər və böyük dövlətlərin onda iştirakı olduqca mürəkkəb vəziyyət yaratmışdı. Azərbaycanın bu reallıqları nəzərə alaraq hərəkət etməsi lazım idi. İlk növbədə regionun nüfuzlu dövlətləri olan Rusiya, Türkiyə və İran istiqamətində səmərəli və obyektiv reallığı nəzərə alan kurs müəyyənləşdirilməli idi. Bunların fonunda Dağlıq Qarabağla bağlı süni olaraq yaradılmış münaqişənin xarici siyasət kursundakı yeri və rolu təyin edilməli idi. Həmin faktorları Heydər Əliyev böyük ustalıqla diqqətə aldı və onları zamanın tələblərinə uyğunlaşdırdı.

Üçüncüsü, Ulu öndər xarici siyasət strategiyasını hazırlayarkən xalqımızın zəngin dövlətçilik tarixinin başlıca məqamlarını zərgər dəqiqliyi ilə nəzərə ala bildi. Bu, müasir mərhələdə xarici siyasətdə olduqca mühüm məqamı əks etdirir. Belə ki, bu, milli dövlət quruculuğunun geosiyasi dinamika ilə bağlı əlaqələrinin məzmununu təşkil edir. Həmin səbəbdən Azərbaycan xalqının dövlətçilik tarixindən nəticələr çıxarmaqla xarici siyasət kursunun prinsiplərinin müasir şəraitə uyğunlaşdırılması strateji əhəmiyyət daşıyır.

Bununla da müasir Azərbaycan dövlətçiliyi tarixində xarici siyasətin mükəmməl konsepsiyasının başlıca prinsiplərinin formalaşdırılması imkanı meydana gəldi. Həmin kontekstdə Heydər Əliyevin xarici siyasət strategiyasında bir sıra faktorları baza prinsiplər olaraq müəyyən etməsi vurğulanmalıdır. Onlar aşağıdakılardan ibarətdir.

Hər şeydən əvvəl, Ulu öndər ölkəmizin təbii-coğrafi şəraitini, geosiyasi amilləri və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyətini xarici siyasət kursunun əsas faktorları sırasına daxil etdi. Digər prinsip tarixi reallıq və ondan çıxarılan nəticələrlə bağlı idi. Növbəti faktor olaraq tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurətini qeyd etmək gərəkdir. Sonra, Ulu öndər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı faktını incəliklə xarici siyasət kursunun məzmununa daxil etdi. Bu kontekstə başqa bir vacib faktoru – erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasətinə qarşı sistemli mübarizə xəttinin də xarici siyasətdə yerini tapmasına nail oldu.

Növbəti çox əhəmiyyətli məqam ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat-logistika imkanlarına malik olmasının xarici siyasət strategiyasının mərkəzi punktlarından biri statusuna gətirilməsi ilə əlaqəlidir. Bu məsələ yalnız Azərbaycanın diplomatiya tarixində deyil, ümumiyyətlə, bütün dünya üçün əhəmiyyətli olan incə siyasətlə bağlıdır. Dünyanın aparıcı ölkələrinin siyasi liderləri həmin məqamı daim vurğulayırlar. Bu bağlılıqda Bill Klintonun Heydər Əliyevə xitabən dediklərinin bir fraqmentini xatırlamağa dəyər. ABŞ-ın sabiq Prezidenti ifadə etmişdi: "Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır". Təcrübə bu tezisin doğruluğunu tam təsdiqləmişdir.

Digər məqam xarici siyasətdə müasir tələblər səviyyəsində Azərbaycanın insan resursları və iqtisadi potensialının dəqiqliklə nəzərə alınması ilə əlaqəlidir. İndiki mərhələdə bu reallığın nəzərə alınmaması müstəqillik və suverenlik üçün ciddi təhlükədir. Bunu Ukrayna və Gürcüstanın timsalında aydın görmək mümkündür. Azərbaycan isə Ümummilli liderin uzaqgörənliyi sayəsində həmin ziddiyyətləri yaşamadı. Ölkənin insan resursları və iqtisadi potensialı ustalıqla xarici siyasət kursunda istifadə edildi və bu proses indi də uğurla davam etdirilir.

Nəhayət, xarici siyasət strategiyasında xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri lazımi səviyyədə diqqətə alındı. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqının tarixi, mədəni və multikultural ənənələrinə daim diqqət və qayğı göstərib. Hələ sovet dönəmində yüksək vəzifələrdə çalışarkən bu məqama ayrıca önəm verib. Deyək ki, SSRİ zamanında milli kadrların yetişdirilməsi xətti ilə yanaşı Azərbaycanın böyük ədibləri, mədəniyyət xadimləri, milli bayramları, dili ilə bağlı çox əhəmiyyətli addımlar atırdı. Məhz bu kimi faktorların sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi. Müstəqillik mərhələsində isə həmin faktorlar tamamilə yeni məzmunda xarici siyasət kursunun prinsipləri sırasına daxil edildi. Heydər Əliyevin siyasət dahisi olmasının əsas göstəricilərindən biri məhz bununla bağlıdır. Bu baxımdan bir müddət ziddiyyətli münasibətlərimiz olmuş İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəminin Ulu öndər haqqında dedikləri ibrətamizdir. O, vurğulamışdı: "Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur. Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir". Buradan aydın görünür ki, Heydər Əliyev böyük ustalıqla Azərbaycan xalqının milli-mədəni özünəməxsusluğu ilə regional miqyasda sülh və əmin-amanlığın təmin edilməsi arasında uğurlu əlaqə yarada bilmişdi.

Təbii ki, Heydər Əliyevin xarici siyasət kursundan bəhs edərkən bu böyük şəxsiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində atdığı addımları vurğulamamaq mümkün deyildir. Müasir müstəqillik tarixində ilk dəfə olaraq Heydər Əliyev bu məsələni konseptual formada Azərbaycanın xarici siyasət kursunun prioritet məsələləri sırasına daxil etdi. Bu, mövcud geosiyasi reallıqlar kontekstində asan məsələ deyildi. Çünki bir tərəfdən qlobal geosiyasətin özü müxtəlif problemlərlə üzləşmişdi. Böyük dövlətlər xüsusi maraqlarını daha üstün tutaraq ədalət hissini tamamilə itirmişdilər. Digər tərəfdən isə təcavüzkar Ermənistanı havadarları aktiv şəkildə müdafiə edirdilər və bu, indi də davam etməkdədir.

Belə mürəkkəb şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin incəliklə xarici siyasət kursuna mühüm faktor kimi daxil edilməsi böyük diplomatik ustalıq tələb edirdi. Heydər Əliyev onun ən səmərəli üsulunu tapa bildi. Nəticədə, beynəlxalq təşkilatlar sürətlə həqiqəti öyrəndi, müxtəlif sənədlərdə Ermənistanın təcavüzkarlığı vurğulandı, regionun böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər, BMT erməni təcavüzünə son qoyulması ilə bağlı dörd qətnamə qəbul etdi və ATƏT münaqişəni sülh yolu ilə həll etmək üçün xüsusi qrup (ATƏT-in Minsk qrupu) yaratdı. Çoxillik gərgin fəaliyyət Ermənistanın təcavüzkarlığını bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı. Prezident İlham Əliyev sonrakı mərhələdə bu istiqamətdə dalbadal uğurlu addımlar ataraq, Ermənistanın küncə sıxışdırılması prosesini yeni səviyyəyə yüksəltdi. Artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağın mövcud statusunun dəyişilməz qalmasının mümkün olmadığını bəyan edirlər. Bu o deməkdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə öz ədalətli həllini tapa bilər.

Bunlardan başqa, Heydər Əliyevin xarici siyasət strategiyasında yeni demokratik Avrasiya quruculuğu aspekti "Böyük İpək Yolu" layihəsinə verdiyi önəmdə də ifadə olunmaqdadır. Hələ keçən əsrin 90-cı illərinin ortalarında postsovet məkanında liberalizmin dəbdə olduğu bir zamanda Heydər Əliyev Çinə səfər etdi. O vaxt bu səfərin strateji əhəmiyyətini çox az adam anlaya bildi. Lakin təcrübə göstərdi ki, Ulu öndər olduqca uzaqgörən addım atıb. Belə ki, Çin coğrafi olaraq Azərbaycandan uzaq olsa da, geosiyasi olaraq çox yaxındır və yeni Avrasiyanın inşasında Pekin faktorunu nəzərə almadan heç bir iş görmək mümkün deyildir. İndi bütün dünya ağızdolusu Çinin təşəbbüskarı olduğu "Bir Qurşaq, Bir Yol" qlobal layihəsinin perspektivindən danışır. Yüzlərlə ölkənin bu layihəyə qoşulmaq istəyi haqqında informasiyalar yayılır. Hətta Ermənistan belə bundan yararlanmağa çalışır. Ancaq faktdır ki, keçən əsrin 90-cı illərində bu günü görənləri barmaqla saymaq olardı. Onların önündə Azərbaycanın lideri Heydər Əliyev gedirdi. Onun əsasını qoyduğu Çin siyasəti özünün bəhrəsini yüksək səviyyədə verməkdədir. Xarici siyasətin digər prioritetləri ilə birgə Çin siyasəti Azərbaycanı Cənubi Qafqazın geosiyasi "düyün nöqtəsi" statusuna qədər yüksəldib. Hazırda ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin qovuşma məkanı, "Yeni İpək Yolu" layihəsinin fəal iştirakçısı və bir neçə əhəmiyyətli enerji layihələrinin təşəbbüskarıdır. TAP, TANAP, "Cənub Qaz Dəhlizi" və başqa layihələr qlobal enerji təhlükəsizliyinin mərkəzi bəndlərini təşkil edir. Nəqliyyat layihələri isə ümumiyyətlə, geosiyasi əhəmiyyətli hadisələrdəndir.

Azərbaycan faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanan və onları bir-biri ilə uyğunlaşdıra bilən perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş kimi yanaşırlar. Buraya xarici iş adamları külli miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Və həmin irəliləyişim memarı Ulu öndər Heydər Əliyevdir.

Beləliklə, Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ümumiyyətlə, Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Bu, əslində, Heydər Əliyevin Vətən sevgisindən, siyasi peşəkarlığından, milli dəyərlərə ciddi bağlılığından qaynaqlanır. Yəni Ulu öndər müstəqil Azərbaycan naminə yalnız yaşadığı dövrü deyil, gələcəyi də düşünüb! Buna görə də Ulu öndər ümummilli lider kimi həmişəyaşardır, xalqın qəlbində, dövlətin bütün istiqamətlər üzrə aparılan uğurlu siyasətinin ruhundadır.

Novruz Məmmədov

Azərbaycan Respublikası Prezidentinin

Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

Paylaş:
3984

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər