Orxan Hüseynzadə: Bəzi futbolçular Azərbaycan Premyer Liqasında deyil, Almaniyanın regional liqasında oynamaq istəyirlər
“Neftçi”nin prezidenti Orxan Hüseynzadə 1news.az-a eksklüziv müsahibəsində 2017-ci ilin yekunlarından danışıb. Həmin müsahibəni təqdim edirik:
- 2017-ci il sona yaxınlaşır. Komandanın qarşısında hansı məqsəd qoyulmuşdu və o onların öhdəsindən necə gəldi?
- Həmin məqsədlər bunlar idi: UEFA zonasında möhkəmlənmək və ölkə Kubokunun yarımfinalına qədər irəliləmək. Mövsümün əvvəlində uğursuz starta görə Avrokuboklara vəsiqə verən zonadan 4 xal geri qalırıq. Lakin hesab edirəm ki, ikinci hissədə rəqiblərimizi qabaqlaya bilərik. Azərbaycan kuboku ilə bağlı isə qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bildik.
- Mövsümün əvvəlini analiz etsək, sizcə nə üçün komanda çempionata uğursuz başladı?
- Psixoloji problemlər var idi. Fərdi planda futbolçularımız güclüdürlər. Lakin komanda oyunumuz yox idi, futbolçular arasında bir sıra anlaşılmazlıqlar var idi. Yeni məşqçi komandanı birləşdirə bildi və bundan sonra nəticələr yaxşılaşmağa başladı.
- Yeni baş məşqçi Tərlan Əhmədovun adını çəkdiniz... Lakin yayda “Neftçi”də işlədiyi müddətdə yaxşı nəticə qazana bilməyən Elxan Abdullayevlə uzunmüddətli müqavilə bağladınız. Hansı məqsədlə ona 3 illik müqavilə təklif etdiniz?
- Elxan Abdullayev “Neftçi”nin sükanı arxasına keçəndə komanda katastrofik səviyyədə idi. Yeni məqşçidən futbolçuların özlərinə olan inamı geri qaytarmaq tələb olunurdu. Buna qədər 0:8 hesabı ilə “Qəbələ”yə uduzmuşduq və futbolçular psixoloji cəhətdən sınmışdılar.
Qışda demək olar ki, bütün heyəti dəyişdik. Buna baxmayaraq komanda tam komplektləşmədiyindən Avrokuboklar uğrunda mübarizədən kənarda qaldıq. Biz Elxan Abdullayevə yayda komandanı hazırlamaq və yeni mövsümə başlamaq üçün şans verdik. Ona 3 illik müqavilə təklif etməklə isə başa salmaq istədik ki, klub ona inanır.
Elxan Abdullayevin istədiyi bütün futbolçuları əldə etdik. Rəhbərlik öz tərəfindən hər şeyi etdi. Lakin “Səbail”ə məğlubiyyətdən sonra baş məqşçini dəyişməyə qərar verdik. Ümid edirəm ki, Tərlan Əhmədov bizə uğur gətirəcək.
- Nə üçün məhz Tərlan Əhmədovu seçdiniz?
- O, normal büdcəsi olmayan “Azal”la yaxşı nəticələr göstərirdi. Tərlan Əhmədov öz komandası ilə “Qarabağ” və “Qəbələ” kimi komandalara qarşı ciddi mübarizə apardı. Ən güclü heyətə malik olmamasına baxmayaraq komandanın oyunlara yaxşı hazırlaşdığı, hər top uğrunda mübarizə apardığı göz önündə idi. Bununla yanaşı Tərlan Əhmədov uzun illər “Neftçi”də oynayıb, sonra isə baş məşqçinin köməkçisi işləyib. Həmin an o boş idi və biz də onun üzərində dayandıq.
- Tərlan Əhmədəvun gəlişindən sonra komandada hansı müsbət dəyişiklikləri müşahidə edirsiniz?
- Komanda meydanın hər qarışı uğrunda mübarizə aparmağa başladı. Əvvəl uşaqlar yaxşı qaçmırdılar, indi isə həm özləri, həm də yoldaşları üçün qaçırlar. Futbolçular komanda olduqlarını başa düşməyə, bir-birilərini sığortalamağa başladılar. Əks halda futbolda uğur qazanmaq mümkün deyil. Qışda qarşımıza daha yüksək tapşırıqlar qoymaq üçün komandanı gücləndirməyə çalışacağıq.
- Mövsümün əvvəlindən komandanı tərk edəcək futbolçularla bağlı şayiələr yayılır. İndiki məqamda bununla bağlı dəqiq nə demək olar?
- Pavel Dreksanın icarə müddəti başa çatdı və o, artıq komandanı tərk edib. Eyni zamanda müqavilənin ləğvi üçün Mateo Mujek və Daniel Seqoviya ilə də danışıqlar aparılır. Bilirik ki, seçimləri var və onları buraxmağa şad olacağıq. Onların yerinə yeni futbolçular alacağıq.
Fəhmin Muradbəyli “Səbail”ə icarəyə verilib. Məqsəd İsayevlə müqaviləyə xitam verdik. Rahil Məmmədovu da “Səbail”ə verdik. Lakin bu futbolçunun üçüncü kluba satılması hüququnun 50 faizi “Neftçi”yə məxsusdur.
- Gənc futbolçular “Neftçi”nin ümidlərini doğrultmadılar, yoxsa onları icarəyə verirsiniz ki, bir mövsümdən sonra yenidən heyətə qaytarasınız?
- Onlar hələ qarşıya qoyulan tapşırıqları həll etmək iqtidarında deyillər. Gəncdirlər və onları izləyəcəyik. Ehtiyat oyunçular skamyasında saxlamaqdansa yaxşı olar ki, daha çox oyun təcrübəsi qazansınlar. “Səbail” klubu ilə əldə edilən razılaşmaya əsasən, Fəhmin əsas heyətin oyunçusu olacaq.
- Fəhmin Ömər Buludov, Anton Krivotsyuk və Elnur Cəfərov kimi gənc futbolçu limitinə uyğun gəlirdi. PFL-in bu qaydasına münasibətiniz necədir və “Neftçi”də Premyer Liqanın səviyyəsinə uyğun olan yaxşı gənc futbolçular varmı?
- Hesab edirəm ki, bizə limit lazımdır. Bildiyiniz kimi, Azərbaycanın gənclər yığması (U-21) həmişə çətinliklərlə üzləşib. Yığmanın məşqçisinin seçimi varsa və o futbolçuları iş başında görürsə bu onun işini asanlaşdırır.
Oyunçuları dublyor komandada saxlamaqla milli komandanı gücləndirə bilmərik. Limitə uyğun gələn əsas oyunçumuz Anton Krivotsyukdur. Uzun müddət solaxaylarla bağlı komandamızda problem olub. Anton bu boşluğu doldura bilər.
Ömər Buluda gəlincə, o günü-gündən inkişaf edir. Gələn il hələ öz şansını qazanacaq.
- Yeri gəlmişkən, Elnur Cəfərov komandada qalacaqmı?
- Bəli, o qalacaq. Hazırda zədəsini müalicə etdirir. Onu cəzalandırdıq və hesab edirəm ki, qışda komandaya qayıdacaq.
- Son insidentdən sonra onunla ünsiyyətdə olmusunuzmu?
- Bəli, o baş məqşçi ilə söhbət edib. Elnur özü də gözləməzdi ki, bu hadisə belə rezonans doğurar. Lakin peşəkar futbolçu öz əməlinə görə cavab verməlidir. Növbəti dəfə Elnur nəsə etməzdən əvvəl 100 dəfə götür-qoy edəcək. Bu cərimə tək Elnura dərs olmayacaq. Bütün peşəkar futbolçular ilk növbədə özlərini yaxşı bir insan kimi göstərməlidirlər.
- Mətbuatda İlkin Qırtımovla razılıq əldə olunduğunu yazırlar. Onun “Neftçi”yə keçidi nə dərəcədə realdır?
- Bizim onunla ilkin razılığımız var və ümid edirik ki, yanvarın əvvəlində müqavilə bağlayacağıq. Bununla belə legionerləri də nəzərdən keçiririk.
- Klubların çoxu legioner limitindən gileylənir. Bu məsələdə “Neftçi”nin mövqeyi nədən ibarətdir?
- Demək olar ki, bütün güclü yerli futbolçular “Qarabağ” və “Qəbələ”də toplaşıblar. Bizdə əsasən gənc futbolçular oynayırlar. İndi yerli oyunçuları cəlb etmək çox çətindir. Çünki klubları ilə müqavilələri var. Problemli zonaları legionerlərlə bağlayırıq.
Limitə gəlincə, bu fikri dəstəkləyirik. İlk növbədə Azərbaycan millisi üçün futbolçular yetişdirmək lazımdır.
- Bəs legionerlər üçün “Neftçi”nin büdcəsi nə qədərdir?
- Futbolçularla yollarımızı ayırırıq və yenilərini dəvət edirik. İndiki məqamda transfer ödənişləri barədə danışa bilmərik. Futbolçular bura maaşa görə gəlirlər. Hədəfimizdə mərkəz hücumçusu, dayaq yarımmüdafiəçi və sol qanad oyunçusu almaq var.
- “Qarabağ”da Dino Ndlovu, “Qəbələ”də Baqali Dabo kimi oyunçular var. “Neftçi”də vaxtilə Nikolas Kanales çıxış edib. Düşünmürsünüzmü ki, komandanıza güclü legioner cəlb etmək lazımdır?
- Biz büdcəmizə uyğun hücumçu axtarırıq. Mövsüm müddətində rotasiya elədik. Qışda qol duyumu yüksək olan hücumçu tapmağa çalışacağıq.
- Mövsümün əvvəlində Emin Mahmudovu komandaya cəlb etdiniz və hazırda o özünü yaxşı tərəfdən göstərir. Bəlkə bu “ənənəni” davam etdirərək Azərbaycan pasportuna malik futbolçuları, misal üçün, Ufuk Budak və Rüfət Dadaşovu cəlb edəsiniz?
- Bu barədə düşünmüşük. Lakin ilk növbədə futbolçunun özü Azərbaycanda oynamağı istəməlidir. Bəziləri üçün bu problemdir. Onlar bizdə oynamaqdansa Türkiyənin ikinci divizionunda və yaxud Almaniyanın regional liqasında oynamağa üstünlük verirlər. Lakin əgər onlardan kimsə bizim klublarda oynamaqda maraqlı olsalar, biz bu barədə dərhal xəbər tutacağıq.
- Bu yaxınlarda Ruslan Qurbanovun “Neftçi”yə qayıtmaq istəməsi ilə bağlı şayiələr yayılmışdı...
- Ruslan “Qəbələ”nin oyunçusudur və kimsə onu buraxmaq istəmir. Düşünürəm ki, onun keçidini müzakirə etmək doğru olmazdı.
- Oyun sahəsində hər şey yoluna düşür. Bəs maliyyə ilə bağlı vəziyyət necədir? Əvvəllər borclardan danışırdınız...
- Futbolçulara və şirkətlərə olan bütün borclarımızı ödəmişik. Kredit götürməli olduq və hər ay müəyyən məbləğdə pul ödəyirik. İndi komandanın borcu yoxdur və bu bizə inkişafa ümid verir. Gələcəkdə pul qazanmağa başlayacağımıza ümid edirik.
- Hazırda “Neftçi” “dördlüyə” düşmək üçün mübarizə aparır, baxmayaraq ki, həmişə komandanın başqa məqsədləri olub. Ümid varmı ki, komanda daha yüksək yerlər uğrunda mübarizə aparacaq?
- Futbolda çox şey maliyyələşmədən asılıdır. Bu gün büdcəmiz Avrokuboklara çıxmaq üçün mübarizə aparmağa imkan verir. Misal üçün, “Qarabağ”ın bütün mövsüm boyu müxtəlif cəbhələrdə mübarizə aparmaq üçün iki heyəti var. Onlarla rəqabət aparmaq çox çətindir.
Əvvəllər “Neftçi”nin də yaxşı maliyyə imkanları var idi və buna görə də komanda yaxşı nəticələr qazanırdı. Bu gün bizim hədəfimiz Azərbaycan Kubokunu qazanmaq və Avropa Liqasına düşməkdir.
- Yaxın gələcəkdə maliyyələşmənin artmasına ümid varmı?
- Ümid var, lakin bunu etmək elə də asan deyil. Özümüz pul qazanmağı bacarmalıyıq. Avrokuboklara vəsiqə qazanmaqla maliyyə imkanlarımızı xeyli artırmış olardıq.
- Şirkət və yaxud iş adamlarının Azərbaycan futboluna vəsait qoymaqda hansı marağı ola bilər? Onlar bundan nə əldə edəcəklər?
- “Neftçi”dən danışsaq, sosial şəbəkələrdə 200 minə yaxın izləyicimiz var. Bundan başqa “Neftçi TV” də çox yaxşı işləyir. Kanalımızın geniş tamaşaçı auditoriyası var. Bu layihə çərçivəsində reklam da buraxa bilərik. Bu barədə çox az adam düşünür.
Fikrimcə, bu şirkətin imicini qaldırmaq üçün yaxşı addımdır. Bundan əlavə, Premyer liqanın oyunları zamanı “Baksel Arena”da reklam verə, onu mətbuatda və avtobusda yerləşdirə bilərik.
Ən əsası insanlar inanmalıdırlar ki, bundan gəlir əldə edə bilərlər. Hansısa astronomik məbləğdən söhbət getmir. Bununla belə “Neftçi” bu məsələni müzakirə etməyə hazırdır.
- “Neftçi” həm də klub kartlarının – “N-kart”ların satışına başlayıb. Eyni zamanda ev oyunlarına bilet satır. Bunlar necə həyata keçirilir?
- Oyunlarımıza biletin qiyməti 1 manatdır. Bu sırf rəmzi qiymətdir. İnsan bilet alanda başa düşməlidir ki, verdiyi manat klubun inkişafına gedəcək. Nə üçün insanlar teatra və kinoya gedərkən böyük məbləğdə pullar xərcləyirlər, futbola isə yox. Hamı pulsuz gəlmək istəyir.
Hesab edirəm ki, azarkeşləri bilet almağa öyrəşdirmək lazımdır. Futbol da kommersiyadır, puldur və bütün bunların hamısı klubun inkişafı naminə edilir. Gəlib sevimli komandana azarkeşlik etmək üçün 1 manat elə də böyük məbləğ deyil.
“N-kart”a gəlincə, bu layihə davam edir. Bəli, o gözlədiyimiz kimi sürətlə getmir. Lakin insanlar maraqlanırlar, kartları alırlar. Hesab edirəm ki, azarkeş üçün cibində klub kartına sahib olmaq və stadionda ona məxsus yerin olmasını bilmək həmişə xoşdur.
- Azarkeşlərdən söz düşmüşkən, bir müddət azarkeşlərlə klub arasında münasibətlər çox gərgin idi. Bunu necə yoluna qoya bildiniz və klub hansı addımları atdı?
- Azarkeşlər həmişə özlərini futbol mütəxəssisləri hesab edirlər. Komandada özünə inamsızlıq, psixoloji qeyri-sabitlik və pis nəticələr görəndə qıcıqlanırlar. Əsəbiləşməyə və öz etirazlarını bildirməyə başlayırlar. Bununla tam razıyam.
Lakin azarkeşlər görəndə ki, klub vəziyyəti düzəltməyə çalışır, iş düzgün istiqamətdə gedir, futbolçular mübarizə aparırlar onlar daha böyük coşğu ilə bizə dəstək olurlar. Bu isə qarşıya qoyduğumuz məqsədlərə çatmağımıza çox kömək edir.
“Forza Neftçi” fan qrupu böyük gücdür. Hara getməyimizdən asılı olmayaraq hər zaman onların dəstəyini hiss edirik. İndi stabil oyun nümayiş etdirməyimizdə də azarkeşlərin böyük rolu var.
- Azarkeşlər sosial şəbəkələr vasitəsilə tez-tez öz tələblərini irəli sürürlər. Bu tələblər də əsasən hansısa bir oyunçu ilə bağlı olur. Buna necə reaksiya verirsiniz?
- Biz həmişə klubun maraqlarından çıxış edirik. Futbolçu kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Əgər futbolçu komandaya xeyir verməyə və onu gücləndirməyə qadirdirsə o bizim üçün maraqlıdır. Azarkeşlər də onu sevəcəklər. Yox, əgər oyunçu xeyir vermirsə onda onun “Neftçi” kimi komandada qalmağının heç bir mənası yoxdur. Buna görə də klubumuza keçən hər bir futbolçu bunu dərk etməlidir.
- “Keşlə” klubunun iki oyunçusu – Mirhüseyn Seyidov və Nizami Hacıyevin futboldan uzaqlaşdırılması ilə nəticələnən danışılmış oyunlarla bağlı məsələyə toxunmamaq mümkün deyil. Birincisi “Neftçi”yə qarşı bilərəkdən pis oynadığını və qışda keçmiş klubunun düşərgəsində olma ehtimalını açıq şəkildə etiraf etdi. Bu məsələ ilə bağlı mövqeyiniz necədir? Nə üçün Mirhüseyn Seyidov bir neçə dəfə “Neftçi”nin adını çəkdi?
- Əvvəla, Mirhüseyn Seyidov bizə heç bir şəkildə maraqlı deyildi. O “Keşlə”də özünü heç nə ilə göstərə bilmədi. İdman ustalığının azlması göz önündə idi. Mən Mirhüseyn Seyidova məsləhət görərdim ki, belə bir bəyanatla kimin məsləhəti ilə çıxış etdiyini etiraf etsin.
Düzünü desəm, peşəkar futbolçudan bu bəyanatdan daha axmaq bir bəyanat eşitməmişəm. Əgər bu futbolçuların danışılmış oyunlarda və yaxud oyunların nəticələrinin saxtalaşdırılmasında iştirakı sübut olunubsa, bu onların böyük səhvidir.
- Bununla belə bu məsələ sizi daxili istintaq aparmağa vadar elədi və nəticədə klubun məşqçi-metodisti Ağakişi Mehdizadə ömürlük futboldan uzaqlaşdırıldı.
- Bəli, daxili istintaq aparıldı və məlum oldu ki, məşqçi dolayı yolla oyunların nəticələrinin saxtalaşdırılmasında iştirak edib. O dərhal vəzifəsindən uzaqlaşdırıldı, biz isə onun məsələsi ilə bağlı AFFA-ya müraciət etdik. O hər şeyi etiraf etdi və AFFA belə bir qərar qəbul elədi.
A.Mehdizadə futbol analitikası sahəsində ölkəmizdə ən güclü mütəxəssislərdən biridir. Buna görə də Azərbaycan futbolunun belə bir kadrı itirməsi təəssüf doğurur.
- AFFA-nın Klublar Komitəsinin sədri olduqdan sonra videotəkrar sistemini təbliğ etməyi düşünürsünüzmü?
- Komitəyə rəhbərlik edən klub kimi müxtəlif fikir və təkliflərlə çıxış edəcəyik. Bunu digər klublardan olan həmkarlarımızla müzakirə edəcəyik. Görsək ki, klubların əksəriyyəti bu təklifləri dəstəkləyir, AFFA və PFL qarşısında məsələ qaldıracağıq. Bütün təkliflərimiz liqanın inkişafına yönələcək. Hesab edirəm ki, Azərbaycan futbolunda yeni texnologiyaların tətbiq edilməsinin vaxtı çatıb.
- Klubların çoxunun narazı olduğu xarici oyunçuların limiti ilə bağlı məsələni müzakirəyə çıxarmağı düşünürsünüzmü?
- Əgər klublar bu məsələdə dəyişikliklər istəyirlərsə təkliflər versinlər və biz onları müzakirə edək. Bu məsələ ilə bağlı hər bir klubun öz mövqeyi var. Əgər klubların çoxu hər hansı bir yeniliyin tətbiqinə səs versələr, təbii ki, bu məsələni AFFA rəhbərliyi qarşısında qaldıracağıq.
- “Çelsi” ilə əməkdaşlığın detalları barədə məlumat verərdiniz, əməkdaşlığınız hansı məsələləri əhatə edir?
- “Çelsi” klubunun rəhbərliyi futbolçularımızı təcrübə üçün ora göndərməyimizlə bağlı təklifimizi müsbət qarşıladı. Əgər kimisə göndrəcəyiksə, bu ən yaxşı oyunçumuz olmalıdır. Çünki o orada akademiyamızın siması olacaq.
Kimisə reklam xatirinə göndərməyin mənası yoxdur. Bu futbolçu ümidlərimizi doğrultmalıdır. Bu oyunçuya görə də “Çelsi”də akademiyamızla bağlı rəy verəcəklər.
- Akademiyanın işindən razısınızmı?
- Bəli, razıyam. Akademiyanın məqsədi milli komanda üçün oyunçular hazırlamaqdır. Akademiyamızın oyunçuları müxtəlif yaş qruplarında Azərbaycan yığmalarında çıxış edirlər. Yığmaya düşməklə oyunçunun “Neftçi”nin birinci komandasında oynamaq şansı artır.
Araz Abdullayevi götürək. O çox istedadlı futbolçu olsa da, burada özünü tam göstərə bilmədi. İndi o xaricə gedib və görünür hər şey qaydasındadır. Buna görə də hesab edirəm ki, istedadlı futbolçular pul dalınca qaçmamalı, xaricə getməyə can atmalıdırlar. Belə olan halda onların gələcəyi yaxşı olacaq. Gənc futbolçu özünü güclü Avropa çempionatında sınamalıdır.
Murad Axundov
Teymur Maksutov