İtkin düşmüş rusiyalı alim: Məni tezliklə Moskvaya yollayacaqlar

Azərbaycana turizm məqsədi ilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu onun anası Olqa Çulkova bildirib.
“Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər”, - Çulkova deyib.
Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.
Qeyd edək ki, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və mehmanxanaların birində qalıb. Evin sahibi yanvarın 5-də qonağın Göygöl seyrinə yollandığını qeyd edib. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, sonuncu, piyada yola düşüb və bir daha geri qayıtmayıb.
Bundan sonra D.Çulkov telefon zənglərinə cavab verməyib, internetə çıxmayıb.
S.Xankişiyeva