Xeyli miqdarda mobil telefon və siqaret aşkarlanıb

Xeyli miqdarda mobil telefon və siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa buferinin içərisində 1 ədəd “X-inova”, 7 ədəd “H-Mobile”, 41 ədəd “Nokia” markalı mobil telefon, 150 ədəd yükləyici aşkarlanıb.
Daha sonra, avtomobilin yük yerində isə sağ və sol yan tərəf örtüyünün altında 1800 ədəd “Marlboro” adlı aksiz markasız siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az