Maşında külli miqdarda siqaret və telefon aşkar edildi – FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi “HYUNDAI AF-47432A” markalı, 01-AD-046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.
Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd – “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlər aşkar edilib.
Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd “Samsung Galaxy J5 (6)” və 6 ədəd “Samsung Galaxy J5 prime” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az