Ərzaqların təzəliyini necə bilmək olar? – FOTO

Boyat ərzaqlar təhlükə mənbəyidir. Belə ki, boyat və ya köhnəlmiş qidalarda mikroorqanizmlər yaranmağa başlayır.
Bu da sağlamlığımız üçün təhlükəlidir. Gündəlik istifadə etdiyimiz ərzaqların təzə olub-olmadığını bilmək üçün bir neçə kiçik məsləhətləri nəzərinizə çatdıraq:
Kartof
Qabığı yaşıl rəngə çalan kartofu qətiyyən almayın. Belə ki, qabığı yaşıl olan kartofda solanin adlanan maddə yaranmağa başlayır. Bu cür kartof istifadə olunan zaman immun sistemi zəif olanların tez zəhərlənməsinə gətirib çıxarır. Həmçinin cücərməyə başlayan kartofların da istifadəsi məsləhətli deyil.
Quru soğan
Quru soğanın qabığından onun təzə olub-olmadığı anlaşılır. Lakin soğanı iyləmək lazımdır. Əgər soğandan üfünətli qoxu gələrsə onu almayın. Nəmlənmiş və cücərmiş soğanları da almaq məsləhətli deyil.
Göyərti və ya tərəvəz
Göyərti və ya tərəvəzin yarpaqları birmənalı olaraq sarı olmamalıdır. Çünki sarı yarpaqlı tərəvəzlərdə qida dəyəri çox aşağıdır.
Banan
Banan alarkən qabığına diqqət yetirin. Qabığı tünd qəhvəyi rəng olan bananların istifadəsi ziyanlıdır. Həmçinin bu cür bananların tərkibində şəkər yüksəkdir.
Balıq
Balıq tez xarab olan qida növüdür. Buna görə də balıq alarkən mütləq yoxlayın. Balığın səthi möhkəm və parlaq olmalıdır. Həmçinin balığın qarnına da əlinizlə basaraq yoxlayın. Əgər balığın qarnına basdıqdan sonra əvvəlki formasına qayıtmırsa onu almaq məsləhətli deyil.
Yumurta
Yumurta çatlamış və qırılmış olmamalıdır.
Süd və süd məhsulları
Qatıq, süd, xama və kəsmik kimi süd məhsullarının saxlanma şəraiti olduqca vacibdir. Soyuducuda saxlanılan bu məhsullardan pis qoxu gəlirsə və ya üzəri yaşıl rənglə örtülmüşsə istifadəsi yararsızdır.
Dondurulmuş qidalar
Məhsulun təzələyini qorumaq üçün onların dondurularaq saxlanılması daha məqsədəuyğundur. Lakin dondurulmuş qidanın buzunun açılması və yenidən dondurulması mikroorqanizmlərin törəməsinə gətirib çıxara bilər. Bu cür məhsulların istifadəsi olduqca təhlükəlidir. Əgər dondurulmuş qidaların üzərində buz parçaları görünürsə bu məhsulu almayın.
Ət
Ət yaşıl və sarı rənglərə çalan olmamalıdır. Eləcə də ətin qabında çoxlu su və ya qan varsa bu, onun boyat olduğunu göstərir. Həmçnini ət həddindən artıq yumşaq və yapışqandırsa deməli təzəliyini itirib.
Toyuq
Toyuq da ət kimi möhkəm olmalı, qabında artıq su olmamalıdır. Toyuğu da əl ilə basdıqda əvvəlki formasına qayıtmalıdır. Həmçinin toyuğun üzərində ağ çizgilər də olmamalıdır.
Çinin dünyaya yedirdiyi zəhər – VİDEO
S.Xankişiyeva