Londonda bərabərlik, “Bavariya” “Beşiktaş”a “5” verdi – VİDEO
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki oyun keçirilib.
1news.az-ın məlumatına görə, günün ən çox maraqla gözlənilən oyunu İngiltərənin paytaxtı Londonda baş tutub. Belə ki, yerli “Çelsi” klubu İspaniya nəhəngi “Barselona”nı qonaq edib.
Erkən final kimi də qələmə verilən oyun gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq ilk hissədə qapılara qol vura bilməyiblər.
Matçda vurulan hər iki qol ikinci hissəyə təsadüf edib. Meydan sahibləri 62-ci dəqiqədə Villianın qolu ilə irəli çıxsalar da, ispanların lideri Lionel Messi 75-ci dəqiqədə hesabı bərabərləşdirib.
Günün digər qarşılaşmasında isə Almaniya çempionatının lideri “Bavariya” Türkiyə təmsilçisi “Beşiktaş”ı qonaq edib.
Türkiyə klubu adlı-sanlı rəqibinə qarşı yaxşı oyun göstərməyi hədəfləsə də, matçın əvvəllərində müdafiəçi Domaqoy Vidanın aldığı qırmızı vərəqə “qara qartallar”ın planını pozub. Nəticədə uzun müddət azlıqda çıxış edən rəqibinin qapısından 5 cavabsız top keçirən “Bavariya” 1/4 final mərhələsinə vəsiqəni, demək olar ki, rəsmiləşdirib.
Çempionlar Liqası
1/8 final mərhələsi (ilk oyunlar)
20 fevral
“Çelsi” – “Barselona” - 1:1
Qollar: Villian, 62 - Messi, 75
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
“Stemford Bric”, London
“Bavariya” – “Beşiktaş” - 5:0
Qollar: Müller, 43, 66; Koman, 53; Levandovski, 79, 88
Qırmızı vərəqə: Domaqoy Vida, 16
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
“Alyans Arena”, Münhen
1news.az