MFL League of Nations 2018: ABŞ liderliyini qorudu, Sudan sensasiyalı şəkildə İsveçrəyə uduzdu
Azərbaycanın ən böyük həvəskar liqası olan MFL-in League of Nations 2018 adlı yeni superturnirində səfirliklərin komandaları arasında qələbə uğrunda mübarizə davam edir.
1news.az xəbər verir ki, keçən bazar günü 4-cü turun oyunları keçirilib.
A Konferensiyasında 4 turdan sonra liderlər qələbə seriyasını davam etdirməklə diplomatik nümayəndəliklər arasında keçirilən çempionatda yüksək ambisiyalarını bir daha təsdiq etdilər.
Heç şübhəsiz, turun ən maraqlı oyunu ABŞ səfirliyi ilə BMT nümayəndəliyi arasında keçirilən görüş oldu. Gərgin keçən qarşılaşmada “amerikalılar” 4:2 hesabı ilə qələbə qazandılar.
Keçən tur ABŞ-dan aldığı məğlubiyyətdən sonra Əlcəzair səfirliyi Ukrayna ilə görüşə ciddi hazırlaşaraq böyük hesabla qalib gəldi – 8:2.
Qrupun digər oyununda Gürcüstan dramatik məcrada keçən matçda Yaponiyanı 5:4 hesabı ilə məğlub etməyi bacardı. Üstəlik qonşu ölkənin nümayəndələri qələbə qolunu görüşün sonuncu dəqiqəsində vurdular.
Beləliklə, 4 turdan sonra itkisiz irəliləyən ABŞ komandası 12 xalla A Konferensiyasına başçılıq edir. Əlcəzair səfirliyi 9 xalla ikinci sırada qərarlaşıb. Hesabında 6 xal olan BMT isə liderlərin üçlüyünü qapayır.
B Konferensiyasına gəlincə, burada 4-cü turun oyunları məhsuldarlığı ilə seçildi: iki qarşılaşmanın hər birində 9, bir görüşdə isə 10 qol vuruldu.
Konferensiyanın lideri Türkmənistan Türkiyə ilə görüşdə ciddi çətinliklərlə üzləşsə də, sonda 6:4 hesabı ilə qalib gəlməyi bacardı.
İran və Rusiya komandalarının görüşündə isə sensasiyalı nəticə qeydə alındı. “İranlılara” qarşı müqavimət göstərə bilməyən autsayder 1:8 hesabı ilə məğlub oldu və bununla da turun antirekordunu müəyyənləşdirdi.
Eyni zamanda əvvəl keçirdiyi bütün oyunlarda qalib gəlmiş Sudanın da məğlubiyyəti də gözlənilməz oldu. “Afrikalılar” İsveçrəyə 4:5 hesabı ilə uduzmaqla ilk məğlubiyyətlərini almış oldular.
4 turdan sonra Konferensiyanın turnir cədvəlində bütün oyunlarda qalib gəlmiş Türkmənistan liderlik edir. Onu 9 xalla Sudan izləyir. Üçüncü yer uğrunda isə hər birinin aktivində 6 xal olan İranla İsveçrə komandaları mübarizə aparırlar.
Bombardirlər siyahısına 14 qolla MFL League of Nations 2018-də “snayperlərin yarışına” başçılıq edən Sudanın futbolçusu Məhəmməd liderlik edir. İkinci sırada isə Əlcəzairin hücumçusu Teymur qərarlaşıb.
Ən yaxşı assistentlərin siyahısına isə A Konferensiyasından olan futbolçular dominantlıq edirlər. Bombardirlərin siyahısında ikinci olan Teymur ən çox məhsuldar ötürmə edən oyunçudur.
MFL League of Nations 2018 müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində çalışan futbol həvəskarlarını birləşdirən yeni turnirdir.
MFL League of Nations 2018-də 12 səfirliyin, eləcə də BMT-nin komandası iştirak edir. Komandalar iki Konferensiyaya bölünüblər. Hər iki konferensiyadan dörd ən yaxşı komanda pley-off-a vəsiqə qazanacaq ki, onlar da öz aralarında çempionu müəyyən edəcəklər.
Murad Axundov