#MFL Stars: “Vapiano” – məşhur restoranla futbol arasında hansı əlaqə var?
Vapiano Azərbaycanın paytaxtında ən məşhur müəssisələrdən biridir. Burada dadlı yemək yeyə, xoş atmosferdən zövq ala bilərsiniz.
Yaxın zamanlardan isə Vapiano həm də Azərbaycanda həvəskar futbolun inkişafı ilə bağlı ən böyük və ən məşhur layihə olan MFL-də çıxış edən futbol komandasıdır.
1news.az komandası #MFL Stars layihəsi çərçivəsində Vapiano-nun qonağı olaraq meydandan kənarda komanda və onun rəhbərliyi ilə görüşdü və əmin oldu ki, futbolçular ancaq “MFL Arena”nın meydanlarında deyil, məşhur restoranın mətbəxində də möcüzələr yarada bilirlər.
“B” Konferensiyasında çıxış edən “Vapiano” komandası turnir cədvəlinin yuxarı pilləsində qərarlaşıb və qarşısına böyük vəzifələr qoyub. Komandanın kapitanı Xəyyam Həsənzadə qeyd edir ki, bu mövsüm ən azı pley-off mərhələsinə adlamaq niyyətindədirlər.
Komanda “Hangover 96” adı ilə MFL-də keçən mövsüm də çıxış etmişdi. Həmin vaxt onlar qrup mərhələsində 13-cü yeri tutmuşdular. Lakin Xəyyamın dediyinə görə, keçən mövsüm komanda dostlardan təşkil olunmuşdu və qarşısına konket hansısa hədəflər qoyulmamışdı.
“Hər halda dostlarımızla daim öz aramızda futbol oynayırdıq. MFL haqqında eşidəndə turnirdə iştirak etməyə qərar verdik. MFL çox xoşumuza gəldi. Bu fikirdən ilhamlanaraq yeni mövsümdə daha iddialı komanda yaratmaq qərarına gəldik. Bunun üçünsə sponsor lazımdır.
Belə olduqda “Vapiano” restoranının ortaqlarından olan dostum Rüstəmə müraciət elədim. Futbolun böyük pərəstişkarı olmasa da, ona MFL haqqında danışandan sonra bu ideya ona çox maraqlı gəldi. Beləliklə də, yeni mövsümün başlanğıcında “Vapiano” komandası yaradıldı. İndi o, bizim işlərimizlə yaxından maraqlanır, oyunlara gəlir”.
Komandanın rəhbəri və sponsoru Rüstəm Quliyevin sözlərinə görə, MFL layihəsi ilk əvvəldən xoşuna gəlib və buna görə də ona qoşulmağa qərar verib. “MFL eyni zamanda sağlam həyat tərzinin təbliğidir. Hərtərəfli maraqlıyıq ki, gənc insanlar idmanla məşğul olsunlar. Digər tərəfdən bu bizim müəssisənin reklamıdır və nəzərə almaq lazımdır ki, layihəyə maraq getdikcə artır”.
“Hesab edirəm ki, sponsor üçün MFL-də iştirak etmək sahib olduğu brendin reklamı üçün əla imkandır”- deyə, kapitan Xəyyam Həsənzadə deyir. “Misal üçün, “BeerBaşa” ilə oyunöncəsi razılaşdıq ki, uduzan komanda udan komandanı öz müəssisəsində qonaq edəcək. Bu aksiya çox uğurlu oldu, hər kəs bu barədə danışırdı. Başqa aksiyalar da var idi. Rüstəm oyunumuzun hesabını dəqiq tapan şəxsi pulsuz pizzaya qonaq etməyi təklif etdi. MFL-lə “Vapiano”nun birgə əməkdaşlığı çərçivəsində başqa aksiyalar da gözlənilir”.
Xəyyam Həsənzadənin sözlərinə görə, rəhbərlik hər bir yolla onları qələbəyə həvəsləndirir.
“Oyunlardan sonra “Vapiano”ya gələrək burada yemək yeyirik. Mükafat alan oyunçularımız da var. Mən özüm heç nə almıram. Komandanın qalib gəlməsi mənim üçün kifayətdir”.
“Çalışıram ki, komandanın oyunlarında iştirak edim və onları dəstəkləyim”- deyə, Rüstəm Quliyev sözünə davam edir: “Əlbəttə, hamı qalib gəlmək istəyir, o cümlədən biz. Bizim bütün təşviqat aksiyalarımız restoranda olur. Tez-tez buraya yığışaraq qələbələrimizi qeyd edirik. İşin maliyyə tərəfindən danışmaq istəməzdim. Deməzdim ki, komandanın MFL-də iştirakı üçün böyük həcmdə maliyyə vəsaiti xərcləyirəm. Gənclərin idmanla məşğul olduğunu nəzərə alsaq, düşünürəm ki, bu kifayət qədər kiçik maliyyə yardımıdır”.
Xəyyam Həsənzadə komanda haqqında danışarkən qeyd edir ki, bu il komandaya daha güclü oyunçular cəlb edərək mövsümə iddialı komanda ilə başladılar.
“Turnirə yanaşmamız dəyişdi. Keçənilki təcrübəmiz bunda böyük rol oynadı. MFL-də çıxış edən komandaların səviyyəsi çox yüksək olduğundan dostlardan ibarət komanda ilə onlarla rəqabət aparmaq mümkün deyil. Buna görə də bir neçə güclü oyunçu cəlb elədik. Kifayət qədər mehriban kollektivimiz var. Məqsədimiz ən azından pley-off-a vəsiqə qazanmaqdır”.
“Turnirdə oynayan zaman istənilən halda iddia olmalıdır, əks halda oynamağın mənası yoxdur”- deyə, komandanın müdafiəçisi Murad Namazov söhbətə qoşulur: “MFL-in özü xeyli maraqlı olub. Heç vaxt futbolla peşəkar səviyyədə məşğul olmamışam. Bu baxımdan peşəkarlara və yaxud keçmiş peşəkarlara qarşı oyunda meydana çıxmaq mənim üçün əsl çağırışdır. Onlara qarşı oynamaq çətindir, lakin çətinliklər insanı bərkidir və özünə inamını artırır.
Əgər keçən mövsüm məqsədimiz sadəcə iştirak etmək idisə, indi ən azından pley-off-a vəsiqə qazanmaq istəyirik. Heyətimiz buna nail olmağa imkan verir. Qış fasiləsində heyətimizin yarısı dəyişib. Lakin hesab edirəm ki, biz daha güclü olmuşuq.
İlk dəfə MFL Kubokunda iki il əvvəl oynamışam. Keçən mövsüm “Hangover 96” komandasında çıxış etdim. Bu komandadan heyətdə yalnız mən və Xəyyam qalmışıq və nəticədə yeni komanda – “Vapiano”nu yaratdıq. Bu mövsümdən daha iddialı olmuşuq. MFL-in özü də ciddi şəkildə inkişaf edib. Bu il komandalarda daha çox təcrübəli oyunçular oynayırlar”.
“MFL ilk növbədə futboldur. Turnirin təşkili çox yüksək səviyyədədir, hətta peşəkar turnirlərdən belə geri qalmır”- deyə, komandanın kapitanı Xəyyam Həsənzadə deyir: “MFL-in çoxlu üstünlükləri var. Əsas çatışmazlıq kimi “lipa” problemini görürəm. Bu problemi həll etmək mümkün olsa, heç bir nöqsan qalmayacaq. Bir çox komandalar bundan əziyyət çəkir. Əsasən də cəza olaraq xallar silinəndə. Komandada “lipa” olmamalıdır. Burada əlbəttə ki, komandaların özlərinin üzərinə də müəyyən məsuliyyət düşür”.
Komandanın əsas ümidverici yeni oyunçularından biri də Cənubi Azərbaycandan olan 18 yaşlı Hamed Noruzidir. 17 il Təbrizdə yaşayan Hamed Bakıya yeni köçüb. Gənc azərbaycanlı gələcəkdə peşəkar futbolçu olmağı arzulayır və ümid edir ki, MFL arzusuna çatmasında böyük rol oynayacaq:
“Böyük futbolda yarımmüdafiədə oynayıram. Bu isə elə bir mövqedir ki, insandan yüksək texnika, vaxtında ötürmə və tez qərar qəbul etməyi tələb edir. Mini futbol elə bunların hamısını tələb edir.
Bakıda həvəskarlar liqasında oynamışam. Oyundan sonra “Vapiano”dan olan uşaqlar mənə yaxınlaşdılar və onların komandasında oynamağı təklif etdilər. Məşqçilərlə məsləhətləşdim və onlar mənə dedilər ki, bu mənim ancaq xeyrimə olar. Mənə futzal liqasının Birinci divizionunda çıxış edən komandalar da təklif göndərdilər. Lakin MFL mənə daha cəlbedici gəldi.
Əvvəlcə çətin idi, çünki bir yerdə oyun təcrübəmiz yox idi. Özümü göstərməyim üçün mənə top lazımdır. Uşaq vaxtı məhz futzal oynamağa başlamışam. Buna görə mini futbol mənim üçün yenilik deyil. Hesab edirəm ki, oyundan-oyuna bizə daha asan olacaq.
Düzünü desəm, əvvəlcə düşündüm ki, MFL-də həvəskarlar oynayır və buranın səviyyəsi elə də yüksək deyil. Lakin oyunları görəndən sonra anladım ki, buradakı komandalar çox güclüdürlər. Bu mənim çox xoşuma gəldi”.
Teymur Maksutov
VİDEO: Emil Nəsirov
MFL-i sosial şəbəkələrdə izləyin:
MFL Facebook
MFL Instagram
MFL Youtube
http://www.mfl.az/