MFL League of Nations 2018: Sudan liderliyini möhkəmləndirdi, Əlcəzair qalib gələrək ABŞ-ı geridə qoydu – FOTO | 1news.az | Xəbərlər
Futbol

MFL League of Nations 2018: Sudan liderliyini möhkəmləndirdi, Əlcəzair qalib gələrək ABŞ-ı geridə qoydu – FOTO

14:23 - 06 / 03 / 2018
MFL League of Nations 2018: Sudan liderliyini möhkəmləndirdi, Əlcəzair qalib gələrək ABŞ-ı geridə qoydu – FOTO

Azərbaycanın ən böyük həvəskar liqası olan MFL-in League of Nations 2018 adlı yeni superturnirində səfirliklərin komandaları arasında qələbə uğrunda mübarizə davam edir.

1news.az xəbər verir ki, keçən bazar günü 5-ci turun oyunları keçirilib.

A Konferensiyasının lideri ABŞ səfirliyinin yığması qrupda yer alan komandaların sayının qeyri-bərabərliyi səbəbindən turu buraxmalı oldu. Bundan istifadə edən “ştatların” ən yaxın izləyicisi – Əlcəzair Malayziyanın qapısından 3 cavabsız top keçirərək 3 xal qazandı.

Keçən tur əlcəzairlilərdən 8 top buraxan Ukrayna komandası Yaponiya ilə görüşdə uğursuzluğunun əvəzini artıqlaması ilə çıxdı. Ukraynalılar “samurayların” qapısından nə az, nə çox  - 8 cavabsız top keçirdilər.

Turun digər görüşündə A Konferensiyasının ən yaxşı komandalarından olan BMT Gürcüstan səfirliyinə 4:0 hesabı ilə qalib gəldi. Bununla da komanda 5 oyunda 3-cü qələbəsini qazandı.

Qələbə sayəsində Əlcəzair ABŞ-la xallarını bərabərləşdirdi. Lakin amerikalıların aktivində hələ bir oyun var.

Hesabında 9 xal olan BMT komandası turnir cədvəlindəki üçüncü yeri saxladı. Sonrakı yerlərdə 6 xalla Ukrayna və 3 xalla Gürcüstan qərarlaşıb.

İki Asiya təmsilçisi – Malayziya ilə Yaponiyanın isə hələ ki, xalları yoxdur.

B Konferensiyasına gəlincə, burada turnir cədvəlinin iki lideri – Sudanla Türkmənistanın görüşü böyük maraq doğururdu. Gözlənilənin əksinə olaraq qarşılaşma bir o qədər də maraqlı alınmadı. Artıq ilk hissənin ikinci yarısından təşəbbüsü ələ alan Sudan komandası nəticədə 5:1 hesabı ilə rəqibinə qalib gəldi.

Digər oyunda İran 4:1 hesabı ilə İsveçrə üzərində inamlı qələbə qazandı, Türkiyə isə Konferensiyanın autsayderi Rusiyanı darmadağın elədi – 8:1.

5 turdan sonra Sudan liderliyi əlində saxlayır. Sonrakı pillələrdə yer alan üç komanda - Türkiyə, İran və Türkmənistan isə onu izləyir.

Bombardirlərin siyahısında da B Konferensiyasının liderinin futbolçusu ilk sırada qərarlaşıb. Bu rəqib qapılarından 16 qop keçirən Məhəmməddir. Sonrakı sıralarda BMT-nin hücumçusu İlkin və İranın forvardı Milad gəlir. Hər iki futbolçunun hesabında 14 qol var.

Bu turda ən yaxşı assistentlərin siyahısında dəyişiklik baş vermədi. 7 məhsuldar ötürmə ilə Teymur (Əlcəzair) və Rəşad (ABŞ) 1-2-ci yerləri bölüşdürürlər.

MFL League of Nations 2018 müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində çalışan futbol həvəskarlarını birləşdirən yeni turnirdir.

MFL League of Nations 2018-də 12 səfirliyin, eləcə də BMT-nin komandası iştirak edir. Komandalar iki Konferensiyaya bölünüblər. Hər iki konferensiyadan dörd ən yaxşı komanda pley-off-a vəsiqə qazanacaq ki, onlar da öz aralarında çempionu müəyyən edəcəklər.

Murad Axundov

Paylaş:
1313

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər