“Azərenerji” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək
“Azərenerji” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
1news.az-ın qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bayram günləri ilə əlaqədar “Azərenerji” ASC istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görüb və müvafiq qrafik rejimi tətbiq olunub.
“Səhmdar Cəmiyyətin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcək. Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sistemin etibarlılığı diqqət mərkəzində saxlanılır. Ümumi günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir.
Məlumdur ki, son dövrlər mövcud infrastrukturun yenidənqurulması, innovativ texnologiyaların tətbiq edilməsi ilə enerji sistemin etibarlılığı daha da artırılıb və situasiyalara davamlılıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücü mövcuddur. Bunun bariz nəticəsidir ki, “Azərenerji” ASC respublikamızın enerji təhlükəsizliyi, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi sahəsində öz funksiyalarını inamla və uğurla icra edir”- deyə, məlumatda vurğulanıb.
1news.az