Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar təmir-bərpa işləri görülür
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar martın 23-25-də trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri görülür.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən 1news.az-a bildiriblər ki, təmir-bərpa işlərinə martın 23-də start verilib. Bu proses martın 25-də gecə saatlarınadək davam edəcək. Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddətdə başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq. Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsinədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin həmin tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin “Xalq Bank”ın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Əməliyyat Şirkəti yarışa hazırlıq çərçivəsində görülən işlərlə əlaqədar yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.
1news.az