Manatın ucuzlaşması gözlənilirmi? - RƏYLƏR
Manatın zəifləyəcəyi ilə bağlı yayılmış informasiyaların iqtisadi cəhətdən heç bir əsası yoxdur.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, 2018-ci ilin birinci rübünün iqtisadi yekunlarını təhlil etdikdə də bunun hər hansı əsasının olmadığı aydın şəkildə görünür.
“Bizim əsas işimiz iqtisadi baxımdan əsaslandırmadır. İqtisadi səbəb isə yoxdur, əksinə, manat güclənə bilər. Manatın kursunda bir iqtisadi qanunauyğunluq, riyazi hesablamalar var, bundan kənara çıxmaq olmur. Yəni balans müsbətdirsə, valyuta ehtiyatları kifayət qədərdirsə, manatın kursunun zəfləməsinin heç bir mənası yoxdur və bu, baş verə bilməz”.
Millət vəkili əlavə edib ki, birinci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2,3 faiz artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub: “Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb”.
Qonşu ölkələrin, o cümlədən Rusiya və Türkiyənin valyutalarının ucuzlaşmasının Azərbaycandan da yan keçməyəcəyinə dair fikirlərə də toxunan T.Mirkişili vurğulayıb ki, baş verən proseslər fərqlidir:
“Rusiyanın valyuta ehtiyatları demək olar ki, tam tükənib, valyuta rublu sabit saxlamaq üçün xərclənib. Valyuta ehtiyatları tam tükəndiyi üçün hazırda rublun kursu daha çox yaranan sanksiyalardan və bir sıra iqtisadi qərarlardan, həcmlərdən asılıdır. Ona görə də Rusiyada baş verənlərin Azərbaycana təsir imkanları kifayət qədər azdır.
Türkiyəyə gəlincə, bu ölkənin iqtisadi əlaqələrinin böyük hissəsi Avropa İttifaqı ilə olduğu üçün təbii ki, orda baş verənlər ölkədən kapitalın axmasına, investisiyanın çıxmasına səbəb olur ki, bu da türk lirəsinin kursuna təsir edir. Azərbaycanda isə manatın kursunun müəyyən edilməsi səbəblərindən bir ölkədə qeyd etdiyim kimi valyutaya olan tələb və valyuta ehtiyatlarının olması ilə müəyyən edilir. Bu da bildiyiiz kimi həm neftin qiymətinin yuxarı olması, - büdcədə neftin bir bareli 45 dollar müəyyən edilib, amma 70 dollar üzərindədir- yaxud da üç ay ərzində bizim ixrac idxalı 1.2 milyard dollar üstələyib ki, bu da ölkədə 1,2 dollar profsitin yaranmasına səbəb olub. Yəni bunların hamısı ölkədə kifayət qədər valyutanın olmasına gətirib çıxarıb. Bütün bunlar onu deməyə əsas verir ki, bizim kifayət qədər valyuta ehtiyarıarımız var. Məhz bu ehtiyatlar manatın kursunun zəifləməsinə heç cür imkan yarada bilməz”.
Dollara tələbat artarsa, vəziyyətin necə olacağından da danışan deputat deyib ki, birinci rübdə əhalinin gəlirləri 10 faiz artıb, inflyasiya cəmi 4 faiz olub. Tələbatın artması halında belə dolların kursunun sabit qalması üçün təklifin də artması vacibdir: “Təklifin artması, valyuta gətirən mənbələr bəllidir, yəni əsasən ixracdan gələn valyuta və özümüzün strateji valyuta ehtiyatlarımız. Eyni zamanda neftin qiyməti, bütün bu təkliflərin yüksək səviyyədə olması yaxın gələcəkdə, konkret olaraq 2018 -ci ildə manatın kursunun dramatk dəyişməsi ilə hər hansı hal baş verməyəcək”.
Millət vəkili Azər Badamov isə deyib ki, dünyada gedən siyasi oyunların sayəsində bir çox ölkələrin iqtisadiyyatlarına təsir halları baş verib: “Belə ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar rus rublunun 12%-ə qədər ucuzlaşmasına gətirib çıxarıb”.
Onun sözlərinə görə, rublun ucuzlaşması manatın məzənnəsinə təsir edə bilməz: "Çünki, rublun ucuzlaşması dayanıb və əksinə yenidən güclənməsinə istiqamətlənib. Bundan başqa, Azərbaycan müstəqil ölkədir və ölkəni müstəqil şəkildə öz iqtisadi qanunları ilə idarə edir. Bu gün neftin qiyməti bahalaşmağa doğru istiqamətlənib. Bundan əlavə Azərbaycanda qeyri-neft sektoru inkişaf edib və bir sıra Azərbaycan məhsulları dünya ölkələrinə istehsal olunur. Bu istehsal olunan mallar isə dünya ölkələrinə satılır. Düzdür, ölkəmizdə istehsal olunan malların müəyyən hissəsi Rusiya bazarlarına göndərilir. Amma sahibkarlara Rusiya bazarları sərf etməsə, ayrı ölkələrdə yeni bazarlar axtarıb tapacaq və istehsal olunan malları o ölkələrə satacaqlar. Cənab Prezident vaxtında deyib ki, biz yeni bazarları tapmalıyıq və bu gün Azərbaycanda istehsal olunan malların kifayət qədəri də müxtəlif ölkələrin bazarlarına ixrac olunur. Bütün bunları nəzərə alaraq düşünürəm ki, manatın məzənnəsində ucuzlaşma baş verməyəcək. Əksinə manatın güclənəcəyini düşünürəm".
1news.az