Stend atıcılığı üzrə IV Beynəlxalq Qran-Pri yarışları başa çatıb
Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən stend atıcılığı üzrə IV Beynəlxalq Qran-Pri yarışları başa çatıb.
1news.az-ın verdiyi xəbərə görə, mayın 12-də dairəvi stend yarışlarının təsnifat mərhələsi və finalı keçirilib.
Bu yarışda 9 ölkədən 35 idmançı tüfəngdən 125 hədəfə atəş açıb. Qadınlar, kişilər və gənclər arasında keçirilən bu yarışın hər birində yüksək xal toplayan 6 atıcı finalda iştirak etmək hüququ qazanıb. Bu mərhələdə isə idmançılar 60 hədəfə atəş açıblar. Finalda qadınlardan Nurlana Cəfərova 53 xalla qızıl, Regina Meftahətdinova 49 xalla gümüş, 8 qat dünya çempionu olan rusiyalı Svetlana Domina 46 xalla bürünc medal qazanıb. Kişilərin yarışında Bəhreyn atıcısı Hasan Muhammed 57 xalla birinci, Gürcüstan təmsilçisi Vladimir Narçinaşvili 54 xalla ikinci, Azərbaycan idmançısı Emin Cəfərov 45 xalla üçüncü yeri tutub. Gənclər arasında Gürcüstan idmançısı Levan Kapanadze 98 xalla birinci, Azərbaycan idmançıları Cavid Həsənov 97 xalla ikinci, Fəqan Namazov 88 xalla üçüncü yeri tutub.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının birinci vitse-prezidenti Hafiz Cəfərov, “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov, Gənclər və İdman Nazirliyinin məsul işçisi Ülviyyə Hacıyeva təqdim edib.
“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edib. Azərbaycanı bu mötəbər yarışda 26 idmançı təmsil edib. Gənclər arasında səngər stend yarışında 3, dairəvi stend yarışında isə 4 gənc idmançımız iştirak edərək uğur əldə edib.
S.Xankişiyeva