Qəzəbli azarkeşlər futbolçuları döydü – FOTO
Portuqaliya “Sportinq”inin 50-dək azarkeşi klubun məşq bazasında komandanın futbolçularına və məşqçilər heyətinə hücum edib.
1news.az-ın Goal.az-a istinadən verdiyi xəbərə görə, kapyuşonda (paltarların yaxasına tikilən papaq-red) olan fanatlar bazanın ərazisinə soxulduqdan sonra futbolçuları təhqir etməyə və aqressivlik nümayiş etdirməyə başlayıblar.
Hadisə zamanı daha çox hollandiyalı hücumçu Bas Dost zərər çəkib. Onun başına bir neçə xəsarət yetirilib. Eyni zamanda, Rodriqo Battalya, Markos Akunya, Ruy Patrisiu, Vilyam Karvalyu, Yosip Mişiç və baş məşqçi Jorje Jezuş da xəsarət alıb.
Klubun və Portuqaliya Futbol Federasiyasının rəhbərliyi baş verənləri pisləyərək, günahkarların tapılmasını istəyib.
Qeyd edək ki, “Sportinq” ölkə çempionatının son turundan əvvəl Çempionlar Liqasına vəsiqə verən 2-ci yer uğrunda “Benfika” ilə mübarizə aparıb. Axırıncı turda “Benfika” qələbə qazandığı halda, “Sportinq” “Maritimu”ya uduzub - 1:2.
1news.az