Polo komandamız Dünya Kuboku yarışlarında ikinci yeri tutub
Bakıda keçirilən arena polo üzrə VI Dünya Kuboku yarışlarına yekun vurulub.
1news.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən yarışın həlledici görüşündə Azərbaycanın “Elite Horse and Polo Klub” komandası Almaniyanın “Rhein Polo Klub Düsseldorf” klubu ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunun qalibi son saniyələrdə vurduqları qol hesabına 7:6 hesabı ilə komandamıza qalib gələn Almaniya poloçuları olublar.
Üçüncü yer uğrunda görüşdə Hindistanın “Indian Polo and Riding Klub Nyu Delhi” komandasının poloçuları İrlandiyanın “Polo Klub Viklov” kollektivi üzərində 7:4 xal hesabı ilə qələbə qazanıblar və bürünc medala yiyələniblər.
Nəzərinizə çatdıraq ki, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunmuş builki yarışda Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd beynəlxalq polo klubunun komandaları kubok uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, ölkəmizin polo üzrə yığması 2018-ci ilin sentyabrında İtaliyada keçiriləcək Avropa çempionatında da təmsil olunacaq.
1news.az