Gəncədə polis qatillərinin portreti: əvvəl məlum olmayan TƏFƏRRÜATLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə polis qatillərinin portreti: əvvəl məlum olmayan TƏFƏRRÜATLAR

16:52 - 11 / 07 / 2018
Gəncədə polis qatillərinin portreti: əvvəl məlum olmayan TƏFƏRRÜATLAR

Xidməti vəzifələrini yerinə yetirən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu qətlə yetirən Gəncə sakinləri ilə bağlı yeni məlumatlar üzə çıxıb.

1news.az-ın verdiyi xəbərə görə, qətli törədənlərdən biri - Rəşad Məmmədəli oğlu Böyükkişiyev 2007-ci il oktyabrın 2-də Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə 7 il müddətinə, 2015-ci il iyulun 14-də isə Rusiya Cinayət Məcəlləsinin 161.2 (soyğunçuluq) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şiə məzhəbli radikal dindar şəxs olmaqla mütəmadi olaraq İrana səfərlər edib.

Polisləri qətlə yetirən şəxslərdən ikincisi - Fərrux Xəqani oğlu Qasımovun da qardaşı Ramin Xəqani oğlu Qasımov da cinayətkardır. 2016-cı ilin sentyabr ayında Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdədir. F.Qasımovun Facebook səhifəsində isə çoxlu radikal-dini məlumatlar var.

Xalqı üsyana çağıran şəxslərdən biri olan Mahir Bəyalıyevin də cinayətkarlığa meylli olması diqqət çəkir. Belə ki, Gəncədəki məlum hadisədən sonra Facebook səhifəsində “qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir”, “yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsin vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil” yazmış Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib.

Yuxarıda qeyd olunanların həm axtarışda olanları, həm də sosial şəbəkələrdə onlara dəstək verən, vəzifəli şəxslərin öldürülməsinə, küçələrdə təxribatlara çağırış edən şəxsləri açıq şəkildə təsvir edir. Cinayətkar, radikal dini, əvvəllər məhkum edilmiş şəxslər istənilən vaxt qanlı cinayət törətməyə hazırdılar. Gəncə polis əməkdaşlarının qəddarcasına qətlə yetirildiyini göstərən kadrlar isə bir daha göstərir ki, qəsdən adam öldürən, dünyəvi Azərbaycan dövlətinə qarşı çıxan cinayətkarlar ən ciddi cəzaya layiqdilər.

Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

1news.az

 

Paylaş:
2221

Son xəbərlər

Bütün xəbərlər