Paşinyanın arvadı rusiyalı qadınların Qarabağa qanunsuz səfərini təşkil edib - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı A.Hakopyan oktyabrın 7-də Rusiyanın bir qrup qadınının Azərbaycanın Dağlıq Qarabağ regionuna qanunsuz səfərini təşkil edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, qanunsuz səfərdə Rusiyanın siyasi, elmi, mədəni sferasını və KİV-i təmsil edən qadınlar iştirak edib. Onların arasında yazıçı Lyudmila Ulitskaya, “Qadın Dialoqu” Partiyasının lideri Elena Semerikova, “Vera” yardım fondunun təsisçisi Anna Federmesser olub.
Rusiyalı qadınlar Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyala da görüşüblər.
Xatırladaq ki, daha əvvəl Azərbaycan XİN bununla bağlı bəyan edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan baş nazirinin həyat yoldaşı A.Hakopyanın işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar RF Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldıracaq.
XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Hakopyanın “Qadınlar sülh naminə” təşəbbüsünün təşəbbüsün əsas məqsədi guya gənc əsgərlərin, günahsız insanların ölümünün qarşısını almaqdır:
“O zaman məsələyə köklü şəkildə yanaşmaq və “Ermənistan əsgərlərinin Azərbaycanın torpaqlarında nə işi var?” sualına cavab vermək lazımdır".
XİN rəsmisi əlavə edib ki, A.Hakopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib, gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir:
"Aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Lakin nəzərə almaq lazımdır ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə “humanitar missiya” adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir. Bu məsələ Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq".
P.Sultanova