Prezident İlham Əliyev Şəkidə Bayraq Muzeyinin açılışında iştirak edib - FOTO
Oktyabrın 29-da Azərbaycan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər.
1news.az xəbər verir ki, dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Bu gün sözün əsl mənasında xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, ay-ulduzlu bayrağımız bu gün müasir Azərbaycanın müstəqillik rəmzinə çevrilib. Dövlətimiz və xalqımız üçün bu tarixi məsələdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Məhz Ulu Öndərin xidmətləri sayəsində üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi qəbul edilib. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayraq Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.
Məlumat verildi ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.
Qeyd olundu ki, Bayraq Muzeyinin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.
Muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə aid konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.
Ölkəmizdə Bayraq muzeylərinin yaradılması Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir. Belə muzeylərə aid layihələrin bütün bölgələri əhatə etməsi isə yeniyetmə və gənclərimizə yüksək vətənpərvərlik duyğuları aşılamaqla, onlarda dövlət bayrağımıza sevgini daha da artırır.
1news.az