“Azərbaycan” İES-də təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 48 milyon manat ayrılıb
Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.“Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılsın.
2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
President.az