Prezident İlham Əliyev Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

19:23 - 29 / 10 / 2018
Prezident İlham Əliyev Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Qax rayonunda sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Bayraq Muzeyi, “İçəribazar” Qala Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 68 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 21 yeni ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, “Ulu Aqro” MMC-nin aqroparkı və digər iri istehsal müəssisələri yaradılmış, 7 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qax şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1.Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

President.az

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər