Prezident Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpü ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində körpünün tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Regionların nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əhalinin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi vacib məsələlərdəndir. Son illərdə Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı nəqliyyat infrastrukturu layihələri, о cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmiş və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir. Belə ki, bölgə əhalisinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari ildə Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işlərinə başlanılmışdır.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü"nün 21-ci bəndində göstərilmiş məbləğin 4,0 (dörd) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az