Mübariz Əhmədoğlu: Minsk qrupunun bəyanatı obyektivliyə doğru irəliləyişdir

ATƏT-in Minsk qrupunun regiona səfərindən sonra bəyanat verməsi ənənə halını alıb. Növbəti bəyanatın təhlili zamanı ermənilər üçün arzuolunmaz məqamların daha çox olduğu bəlli olur:
1. Həmsədrlər bəyanatında gərginliyin azaldığını növbəti dəfə konstatasiya etdilər. ATƏT MQ həmsədrləri atəşkəs rejimininə riayətin Dağlıq Qarabağ tənzimlənməsi üzrə sazişin əldə olunmasına şərait yaradan halda olduğunu bildirirlər. Ermənilər bu vaxta qədər qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginliyi ön plana çıxarırdılar. İndi Ermənistanın ən böyük bəhanəsi əlindən alınır.
2. Həmsədrlərin bəyanatında Dağlıq Qarabağın azərbaycanlı icması zərərçəkmiş tərəf adlandırılıb. Dağlıq Qarabağ azərbaycanlılarının ATƏT MQ tərəfindən rəsmən zərərçəkmiş elan olunması Ermənistanın cəzalandırılmasına yol aça bilər. Bu müddəa ilə ATƏT MQ həmsədrləri və yaxud Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət edib, Dağlıq Qarabağın azərbaycanlı icmasını Ermənistanın əməllərindən zərərçəkmiş elan etməklə bağlı qətnamə qəbul edə bilərlər.
III. Vyana, Sankt Peterburq razılaşmaları arxa plana keçib. Düşənbə razılaşması bu iki razılaşmanı tarixin arxivinə yola sala bilər.
Həmsədrlərin bəyanatında anons edilən Xarici İşlər nazirlərinin görüşü isə Ermənistan üçün heç bir təhlükə yaratmır. Bu, bəyanatda erməni tərəfi üçün yeganə plyusdur. Xarici İşlər Nazirlərinin anons edilən görüşü ATƏT-in ənənəvi illik sammitində baş tutacaq İtaliya ATƏT-ə sədrlik etdiyi üçün ministerial onun ərazisində keçiriləcək.
ATƏT ministerialının tarixi də ənənəyə çevrilib: Əksərən I ongünlüyün II yarım hissəsində keçirilir. Ermənistanda parlament seçkiləri və hökümətin formalaşması prosesi ATƏT ministerialınadək başa çatmayacaq. Ermənistan XİN bunu bəhanə edərək məzmunlu danışıqdan yayınacaq.
Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində üzərində öhdəliyinin olduğunu danan bir ölkədir, yalanlarına ən çox inan dövlətdir. Amma iş də burasındadır ki, elə ermənilər bu xüsusiyyətlərinə görə bəzi məsələləri dərk edə bilmirlər və yaxud dərk etmək istəmirlər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq