Əsl azarkeş necə olmalıdır? - Şamil Mustafayev kimi – VİDEO
Millimizin Kosovo ilə son səfər oyununda qələbə qazanacağına ümid kifayət qədər böyük idi.
Ürəyi futbolla döyünən hər bir azərbaycanlı Qurban Qurbanovun komandasından qələbə gözləyirdi. Bunu bəlkə də ən çox istəyən Şamil Mustafayev idi. O Şamil Mustafayev ki, Priştinada komandamızı qarşılayan yeganə soydaşımız idi.
Və nəhayət oyun günü çatdı. Stadion rəqib komandanın azarkeşləri ilə demək olar ki, ağzına kimi dolmuşdu. Komandamızın yeganə dəstəkçisi isə yenə Şamil idi.
Oyuna kəskin hücumlarla başlayan rəqib komanda cəmi iki dəqiqə sonra ilk qolunu vurdu. Görüşün 77-ci dəqiqəsində isə hesab artıq 4 topa çatmışdı. Qəbəyə əmin olan bir çox kosovolu azarkeşlərdən fərqli olaraq nə qədər ağır olsa da Şamil komandasını dəstəkləməkdə davam edirdi. Onun həmin anla bağlı Facebook səhifəsində yazdığı fikirlərini diqqətinizə çatdırırıq:
“Çox ağır gün idi. İkinci qoldan sonra çox məyus olmuşdum. 4-cü qoldan sonra isə içimdə çox pis ağlayırdım. Ancaq himnimizi fitə basanların və oyun boyu bizi ələ salanların önündə zəif görünməməli idik. Çünki biz tək özümüzü təmsil etmirdik. Son 10 dəqiqəni dayanmadan oxudum. Həqiqətən ağır psixoloji bir dərs oldu. Ümid edirəm yaxşılığa doğru bir dərs olar...”.
Komandası 0:4 hesabı ilə uduzanda bir çoxlarımız yəqin ki, ya stadionu tərk edər, ya da sakitcə qəmgin halda oyunun bitməsini gözləyərdik. Lakin Şamil Mustafayev kosovolu azarkeşlərin lağlağı atmacalarına, tək olmasına baxmayaraq son ana qədər komandasına dəstək olaraq əsl azarkeşlik nümunəsi göstərdi.
1news.az