Prezident İlham Əliyevin Aşqabad səfəri: Azərbaycan - Türkmənistan münasibətlərində yeni mərhələ | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin Aşqabad səfəri: Azərbaycan - Türkmənistan münasibətlərində yeni mərhələ

15:10 - 23 / 11 / 2018
Prezident İlham Əliyevin Aşqabad səfəri: Azərbaycan - Türkmənistan münasibətlərində yeni mərhələ

Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfər etdi. Olduqca məhsuldar keçən səfəri Azərbaycanla Türkmənistan arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi də xarakterizə etmək olar.

Belə ki, dövlət başçımızın Türkmənistanda olduqca isti qarşılanması, iki ölkənin dövlət başçıları arasında təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərin keçirilməsi, prezidentlərin iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması və nəhayət sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatla çıxış edən dövlət başçılarının söylədikləri bunu deməyə əsas verir.

Onu da unutmaq olmaz ki, sözügedən səfər Azərbaycanla Türkmənistan arasında Xəzərin bölüşdürülməsi ilə bağlı uzun müddət mövcud olmuş problemin aradan qaldırılmasından sonra dövlət başçımızın Türkmənistana ilk rəsmi səfəridir. Bundan öncəki səfər isə düz 10 il əvvəl, 2008-ci ildə gerçəkləşib.

Xatırladaq ki, uzun illər idi ki, 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirdilər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmaması idi. Azərbaycanın razılığa gəlməkdə daha çox çətinlik çəkdiyi ölkə isə məhz Türkmənistan idi. Buna səbəb tərəflərin dənizin ortasında yerləşən bəzi zəngin neft və qaz yataqları, xüsusən də “Kəpəz” və “Azəri-çıraq” yataqları ilə bağlı razılığa gələ bilməməsi idi. Eləcə də digər dövlətlər də Xəzərin pay bölgüsündə daha əlverişli şərtlərlə razılıq əldə olunmasına çalışırdılar.

Və nəhayət, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar.
Bundan əlavə beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atdılar. 

Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Noyabrın 21-də Prezident İlham Əliyevin Türkmənistana səfərini yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanla Türkmənistan arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.

Bu səfərin Türkmənistan tərəfinin xahişi ilə baş tutması, eləcə də səfərdən öncə Türkmənistan baş nazirinin müavininin və xarici işlər nazirinin Azərbaycana səfər etməsi rəsmi Aşqabadın ölkəmizə verdiyi dəyəri göstərir. Bu da təəccüblü deyil. Çünki Azərbaycan və Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.

Prezident İlham Əliyevin səfəri çərçivəsində dövlətmizin başçısının Türkmənistan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü oldu.

Görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Görüşlərin ardınca isə müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalandı.

Daha sonra dövlət başçıları tərəfindən birgə bəyanat imzalandı. Bəyanatı imzalamaqla dövlət başçıları dost ölkə olan Azərbaycan Respublikası və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər.

Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd etdilər.

Prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini də vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd etdilər.

Prezidentlər iki ölkə arasında iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlı da mühüm razılaşmalar əldə etdilər. Onlar Azərbaycanın və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər.

Dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər. 

Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb etməklə yanaşı, iki ölkənin maraqlarına uyğun olmaqla regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir.

Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Dövlətimzin başçısının Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib.

İqtisadçı-ekspert Vüqar Bayramov da hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Ekspertin  sözlərinə görə, bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur.

V.Bayramov qeyd edib ki, son illər Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur. Belə ki, əgər 2014-cü ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 51 milyon ABŞ dolları idisə, bu rəqəm 2017-ci ildə 164 milyon 145 min dollaradək yüksəlib. Son 4 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. İllər üzrə ticarət dövriyyəsinə diqqət yetirsək, Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il ticarət dövriyyəmizdə əvvəlki illərə nisbətən artım olub. Belə ki, ticarət dövriyyəsi 2015-ci ildə 52 milyon, 2016-cı ildə 152 milyon 276 min dollar, 2017-ci ildə 164 milyon dollardan çox olub. Ticarət dövriyyəsinin artması ondan xəbər verir ki, son illər iki ölkənin münasibətlərində, ticarət və iqtisadi əlaqələrin inkişafında irəliləyişlər müşahidə olunur.

Qeyd edilib ki, Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub. Nəzərə alsaq ki, hər iki ölkə Xəzəryanı ölkədir, Türkmənistan və Azərbaycan arasında işlənməli yataqlar var. Bu yataqların işlənməsi məsələsi uzun müddətdir ki, müzakirə olunur və Xəzərin statusunun müəyyənləşməsi bir tərəfdən bu yataqların işlənməsi üçün bir zəmin formalaşdırdı, eyni zamanda, xüsusilə enerji resurslarının birgə nəqli baxımından da imkanlar yaratdı. Bu baxımdan da dövlətimizin başçısının Türkmənistana səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur. Ölkələrimiz arasında münasibətlərin yaxşılaşması yataqların birgə işlənməsinə imkan verə bilər. Bu da istifadəsiz qalan yataqlardan hər iki dövlətin faydalanması üçün bir zəmin formalaşdırır.

"Səfər çərçivəsində imzalanan sənədlər, bu sənədlərdə əks olunan məsələlər ondan xəbər verir ki, növbəti dövr Azərbaycan-Türkmənistan əlaqələri baxımından vacib bir dövr olacaq, hər iki ölkə iqtisadi, siyasi, strateji əməkdaşlıqda yeni mərhələyə qədəm qoyacaq", - deyə ekspert diqqətə çatdırıb.

Babək Cahandarov

Paylaş:
2752

Son xəbərlər

Bütün xəbərlər