“Sabah” Futbol Klubu “Bank Respublika” ilə əməkdaşlığa başladı – FOTO
Bu gün ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə Azərbaycan futbolunun gənc üzvlərindən "Sabah" Futbol Klubu arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.
1news.az-ın verdiyi xəbərə görə, müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov və “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıb.
Müqaviləyə əsasən, “Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bank bu müddətdə klubumuzun ev oyunlarını keçirdiyi “Əlincə Arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Elnur Həsənov Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu və layihənin əsas məqsədinin gənc və yeniyetmələri futbola cəlb etməklə futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirmək olduğunu bildirib.
“Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov futbol klublarının inkişafında sponsorların vacibliyini vurğulayıb, bankla birgə həyata keçiriləcək fəaliyyətlərin klubun oyunlarına, o cümlədən ölkə çempionatına olan marağın artmasına səbəb olacağına inandığını qeyd edib.
“Sabah” FK artıq şənbə günü, Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Qarabağ”la matça “Bank Respublika” yazılı forması ilə ilk oyununa çıxacaq.
S.Xankişiyeva