Vüsal Məmmədov: “Real”ın fəaliyyətində ciddi siyasət sayıla biləcək heç nə yoxdur

“Real” partiyasının icra katibi Natiq Cəfərli Gürcüstanda keçirilən prezident seçkilərini müşahidə edib.
Müşahidəsinin nəticəsi olaraq ən çox saxtakarlığın azərbaycanlıların yaşadığı bölgədə olduğunu, ermənilərin yaşadığı ərazilərdə isə seçkinin yaxşı keçdiyini deyən N.Cəfərli oradakı “sistemi” tərifləməyi də unutmayıb.
N.Cəfərlinin dediklərinə münasibət bildirən “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov 1news.az-a açıqlamasında icra katibini populist fikirlər səsləndirməkdə qınayıb:
““Realçılar”ın dəstəsində bir şeyi müşahidə edirəm ki, onlar mücərrəd bir sözü – sistem sözünü əllərində bayraq ediblər. Sistem dedikləri abstrakt bir şeyi pisləyə-pisləyə gedirlər. Deyirlər sistem dəyişməlidir, başqa ölkələrin sistemi gətirilməlidir. Ən çox da Gürcüstanı misal göstərirlər. Ancaq düz əməlli izah edə bilmirlər ki, sistem nədir, nəyi nəzərdə tuturlar. Pis olan konkret mexanizmin hansı detalıdır? Sistemin məhz harası pisdir?
Keçən əsrin 60-cı illərində məşhur sosioloq və filosof Karl Popper özünün “Sosial mühəndisliyi” fikrini ortaya atdı. Bundan sonra Qərb cəmiyyəti sistemi tənqid etməyi qoydu bir kənara. “Sosial mühəndislik” cəmiyyətdə sosial institutların problemli hissəsini təmir etməyi, mövcud problemi aradan qaldırmağı nəzərdə tutur. Karl Popperin özü göstərdi ki, sistemi dəyişmək üçün mütləq diktatura lazımdır. Yəni, bir diktator gəlməli, köhnə sistemi ləğv edib yerinə başqa sistem qurmalıdır. Bunlar özlərini savadlı kimi göstərsələr də başa düşmürlər ki, əslində “sistem dəyişməlidir” demək elə diktatura tələb etmək deməkdir”.
Baş redaktor bildrib ki, demokratik yolla sistem dəyişikliyi ağlasığan bir şey deyil. Demokratiyanın, açıq cəmiyyətin yolu ancaq sosial mühəndislik olmalıdır:
“Göstərməliyik ki, cəmiyyətdəki problemin səbəbi hansı sosial institutdadır, hansı sosial institutun hansı mexanizmi pis işləyir. Onu tapıb üzə çıxartmalı və təmir etməyə çalışmalıyıq. Yaxşi olar ki, “Realçılar” da bunu başa düşsünlər və artıq müqasirləşsinlər. 60-cı illərdən əvvəlki dövrdən çıxıb indiki dövrə gəlsinlər”.
Bu gedişlə “Real”ın real siyasi gücə çevrilə bilməyəcəyini deyən V.Məmmədov söylədiklərinə misal olaraq “Real”ın rəhbərliyinin absurd təkliflərlə çıxış etməsini göstərib:
“Mən hələ ki, “Real”ın fəaliyyətində ciddi siyasət sayıla biləcək heç bir şeyə rast gəlməmişəm. Məsələn, bu yaxınlarda imzatoplama kampaniyası keçirdilər və tələblərindən biri də bu idi ki, Bakının meri vəzifəsi seçkili olsun. Başa düşmürlər ki, əgər Bakının meri vəzifəsi seçkili olsa Bakı şəhərinin ayrı büdcəsi olmalıdır, paytaxt sakinləri isə bu büdcə üçün ayrıca vergi ödəməlidilər. Digər tərəfdən bunun üçün qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir.
Onların ödənişsiz ali təhsil tələbi də elementar populizmdən başqa bir şey deyil. Əhalinin bank borclarının bağışlanması tələbi isə ümumiyyətlə, lap qatı populizmdir. Kimsə bankdan pul götürüb xərcləyibsə həmin pulu niyə dövlət ödəməlidir ki? Yəni, belə populizmlə onların yaratdığı intellektual siyasətçi obrazı bir arada mövcud ola bilməz”.
1news.az