Səfir: Azərbaycan və Rumıniya strateji tərəfdaşdırlar

Bakıda Rumıniyanın Milli Birlik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
1news.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndləri iştirak ediblər.
Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bu günün tarixindən söz açaraq bildirib ki, ötən illər ərzində rumın xalqı böyük dövlətçilik ənənəsi qazanıb, hazırda ölkəsi beynəlxalq müstəvidə aktiv siyasət yürüdür.
Azərbaycanla əlaqələrə toxunan diplomat deyib ki, Azərbaycan və Rumıniya strateji tərəfdaşdırlar, gələn il bu tərəfdaşlığın 10 ili tamam olur.
Diplomat vurğulayıb ki, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə sıx əlaqələri var:
"2018-ci ildə ikitərəfli əlaqələrin bütün sahələrində irəliləyişə nail olduq. Ötən həftə Buxarestdə hökumətlərarası komissiyanın beşinci iclası keçirildi və bu, 2019-cu ildə ikitərəfli gündəlik üçün təməl yaradıb".
Daha sonra səfir qeyd edib ki, 2019-cu ilin ilk altı ayında Rumıniya Avropa Şurasına sədrlik edəcək.
D.Yankunun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrin inkişafı Rumıniya sədrliyi dövründə gündəliyin ayrılmaz tərkib hissəsidir.
O, Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Tədbirdə çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycan Prezidenti və hökuməti adından Rumıniya xalqını təbrik edib. Deyib ki, iki ölkə arasında qədim tarixə malik münasibətlər müstəqillik illərində daha aktiv şəkildə inkişaf edib. Dövlətlərimiz arasında qarşılıqlı maraq və hörmətə əsaslanan əlaqələr qurulub.
O, Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərin inkişafındakı əhəmiyyətini xüsusi vurğulayıb:
İki ölkə əməkdaşlığın inkişafı üçün çox vacib qərarlar qəbul edib, hazırda həmin qərarlar uğurla reallaşdırılır”.
Ə.Əhmədov bildirib ki, Rumıniya həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Baş nazirin müavininin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr də uğurla inkişaf edir və gələcəkdə bütün sahələrdə əlaqələr daha da genişlənəcək.
Pərvanə Sultanova