İoannisyan: Ermənistanda Rusiya kəşfiyyatının nə işi var?

Ermənistanda Rusiya xarici kəşfiyyatı nümayəndələrinin nə etməsinə aydınlıq gətirilməlidir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Vətəndaşların məlumatlandırılması ittifaqı”nın rəhbəri Daniel İoannisyan deyib.
O, mətbuatda yayılmış Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasındakı telefon söhbətinə toxunaraq deyib ki, ikinci səsyazısında yeni xəbər bundan ibarətdir ki, Rusiyanın xüsusi xidməti - FTX Vanetsyanın timsalında Ermənistan hakimiyyətini Xaçaturovla bağlı qərar çıxarmamağa çağırıb:
“Səsyazısındakı bu xəbər narahatlıq doğurur”.
Onun sözlərinə görə, qeydin bu yeni hissəsindən də aydın oldu ki, Rusiya xüsusi xidmət orqanları Ermənistanda təmsil olunurlar:
“Mən başa düşə bilmirəm, Ermənistanda Rusiya kəşfiyyatının nümayəndələrinin nə işi var? Bu, aydın deyil və izah edilməlidir".
P.Sultanova