Elxan Məmmədov: Di Matteo ilə heç vaxt əlaqəmiz olmayıb, De Byazi ilə üç il əvvəl danışmışıq
AFFA-nın baş katibi Elxan Məmmədov 1news.az-a verdiyi müsahibəsində Azərbaycanın gənclər və milli yığması üçün yeni baş məşqçilər axtarışları haqqında danışıb.
- Azərbaycanın milli yığmasına baş məşqçi axtarışı hansı mərhələdədir?
- AFFA-nın Baş Katibliyinə və Məşqçilər Komitəsinə potensial namizədlərin siyahısının hazırlanması ilə bağlı tapşırıq verilib. Hazırda bütün diqqətimiz gənclər yığmasına cəmləşdirilib. Hər gün Vaqif Sadıqovun rəhbərliyi ilə Məşqçilər Komitəsi əcnəbi məşqçilərlə müsahibə aparır.
Bu müsahibələrdə təbii ki, AFFA-nın texniki direktoru Berhard Lippert ilə yanaşı mən də iştirak edirəm. U-17 və U-21 yığmaları üçün məşqçilər axtarırıq. Bir daha təkrar edirəm ki, xarici məşqçilər Bakıya gəlir və biz onlarla müsahibələr aparırıq.
- Yəni demək olar ki, bütün yığmalarda axtarışlar əcnəbi mütəxxəssislərlə aparılır?
- Çox güman ki, məşqçilərdən biri əcnəbi olacaq. O, ya U-17, ya da U-21 yığmasına təyin ediləcək. Bu sahədə uzun illər tətbiq etdiyimi öz fəlsəfəmiz var. Namizədlər üçün düzgün məqsədlər qoymuşuq. Vacib məqamdır ki, yığmalarımız elit mərhələdən keçsin.
Baş yığma ilə bağlı azad məşqçiləri gözdən keçiririk. Hələ ki, siyahı hazırlanır. Hələlik heç bir danışıqlar aparılmayıb və heç kəslə görüşülməyib. Çox güman ki, ilin sonuna qədər bir sıra namizədlərlə görüşlər keçiriləcək və danışıqlar aparılacaq.
- Qurban Qurbanovun gedişindən sonra yeni baş məşqçinin italyan olacağı ilə bağlı söz-söhbətlər yayıldı. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Geniş namizədlər siyahımız var. Burada italyan namizədlərin də adı yer alıb. Lakin milli yığma üçün məşqçini milliyyətinə görə axtarmırıq. Əsasən namizədin işi, təcrübəsi, təhsili, əldə etdiyi nəticələr maraqlıdır. Ən əsası isə məşqçi Azərbaycanda yaşamağa hazır olsun.
- Daha çox Roberto Di Matteo və Canni De Byazinin adı hallanır.
- Sonuncu dəfə De Byazi ilə Robert Prosineçkinin təyinatından əvvəl danışmışıq. Lakin o zaman xorvatı seçdik.
Roberto Di Matteoya gəlincə, anlaya bilmirəm onun namizədliyi barədəsində fikirlər haradan yaranıb. Heç vaxt onunla əlaqə saxlanılmayıb, nə üç il əvvəl, nə indi. Həmçinin onun adının hallanması da təəccüb doğurur.
Hazırda bir çox agentlər meydana çıxıb. Onlar mətbuata bir çox adları “tullayır” və bununla da həmin məşqçinin məbləğini artırmağa çalışır.
Tərcümə: S.Xankişiyeva