Daim dövlətin diqqətində: hərbçilərin sosial müdafiəsinin gücləndirilməsində növbəti addım

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib. Prezident hərbçilər və onların ailə üzvləri ilə görüşündə dövlət tərəfindən hərbçilərə, şəhid ailələrinə, Qarabağ əlillərinə göstərilən diqqət və qayğıdan söz açıb və gələcəkdə bu istiqamətdə tədbirlərin daha da gücləndiriləcəyini vurğulayıb.
Ölkə rəhbəri deyib ki, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılıb. Hərbçilərin, əsgər və zabitlərin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb.
"Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. builki prezident seçkilərindən dərhal sonra imzaladığım birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. 10 minə yaxın şhid ailəsinə ailəyə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub.
Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuz istənilən vəzifəni icra etməyə hazırdır. Həm aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Bu il bir imzalanmış kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Hər bir ölkənin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir. Ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur", dövlət başçısı əlavə edib.
Mövzu ilə bağlı millət vəkili Elman Məmmədov 1news.az-a deyib ki, Azərbaycan dövləti hər zaman şəhid ailələrini, Qarabağ əlillərini, aztəminatlı ailələri diqqət mərkəzində saxlayıb. Eyni zamanda hərbçilərimizə və onların ailələrinə ulu öndər Heydər Əliyevin dövründən bu günə kimi göstərilən qayğı və diqqət göz önündədir.
Millət vəkili əlavə edib ki, hərbçilərin həyat şəraitinin təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, hərbi şəhərciklərin, yəni hərbçilərin ailələri üçün yaşayış evlərinin salınması və digər tədbirlər bundan sonra da davam etdiriləcək:
“Cənab prezident də öz çıxışında bu fikirləri ifadə edib, yəni şəhid ailələrinin demək olar ki, hamısı olmasa da, əksəriyyəti hərbçi şəhid ailələridir, onlar daim dövlətin diqqət mərkəzindədirlər. Şəhid vərəsələrinə birdəfəlk müavinətlərin veriməyə başlanılması, başqa imtiyazları da qeyd etmək olar. Dövlət başçısı həmin görüşdə bildirdi ki, builki prezident seçkilərindən dərhal sonra imzaladığı birinci fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub. Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlanıb. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Görünən odur ki, bu qayğı indiyə kimi olub, həmişə də olacaq, getdikcə də gücləndiriləcək”.
Millət vəkili vurğulayıb ki, hərbçiləri diqqət mərkəzində saxlamaq, onların təminatını yüksək səviyyəyə qaldırmaq çox vacibdir:
“O dövlət öz dövlətçilyini, təhlükəsizliyini qoruyub saxlayıb, təmin edə bilir ki, onun ordusu, ordusunda xidmət edənlər hər zaman ölkə rəhbərliyinin, dövlətin diqqətində olur. Təbii ki, belə də olmalıdır. Azərbaycanda hərbçilərimizlə fəxr edirik, qürur duyuruq, bizim təhlükəsizliyimizin, müdafiəmizin təminatı, dövlətçiliyimizin qorunub saxlanılması hərbçilərimizdən asılıdır. Təbii ki, biz də onların qayğısına qalıb, onları sevməli, qürur duymalıyıq. Ordumuz güclü, möhkəm olmalı, hər an qələbə çalmağa hazır olmalıdır. Belə də var, getdikcə də ordumuz inkişaf edir. Yəni bu gün Azərbaycan əsgəri bilir ki, onun qarşısında işğal altında olan torpaqları azad etmək vəzifəsi dayanır və bu vəzifəsini də yerinə yetirəcək. Bu gün Azərbaycan ordusu buna qadirdir, Azərbaycan əsgəri buna hazırdır”.
E.Məmmədov Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu vurğulayıb: “Bunu təkcə Prezident, xalqımız demir, bu sahə ilə məşğul olan müvafiq beynəlxalq qurumların hesabatlarında da deyilənlər öz əksini tapır. Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır, bu da hər birimiz üçün çox ruhverici, sevindirici bir göstəricidir”.
Millət vəkili Musa Quliyev isə 1news.az-a deyib ki, hərbçilərə yeni mənzillər verilməsi Azərbaycan Prezidentinin, dövlətinin Azərbaycan əsgərinə, şəhid ailələrinə, qazilərinə qayğısının göstəricisidir:
“Yəni, mərasimin özü elə bu qayğının əyani nümayişidir ki, hərbi qulluqçuların ailəsinə dövlət tərəfindən tikilmiş mənzillər verilir və ölkə Prezidenti gəlib bunu özü şəxsən təqdim edir. Digər tərəfdən, cənab Prezidentin söylədiyi kimi şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına qayğı hər zaman olub, bundan sonra da olacaq və daha da artacaq. Elə sonuncu hadisə, şəhid olmuş hərbi qulluqçularının ailələrinə 58 milyon manat pul vəsaitinin ayrılması da bunu göstəricisidir. Onların böyük bir qismi 97-ci ilədək sığorta olunmamışdılar və ailələri sığorta haqqını ala bilmirdilər, ailələrinin böyük hissəsi birdəfəlik ödənişləri aldılar. Gələn il də 50 milyon manat vəsait ayrılacaq. Demək olar ki, bütün şəhid ailləri bu qayğı ilə əhatə olunub. Şəhid ailələrinə mənzillərin, torpaq sahələrinin verilməsi, övladlarının dövlət vəsaiti hesabına ali təhsil alması və digər göstərilən tədbirlər ölkə rəhbərinin qayğısının ifadəsidir”.
Deputat deyib k, ordumuz güclənir, heç şübhəsiz ki, bizim ordumuz dünyanın ən qabaqcıl və müasir ordularından biridir və bunu artıq hər kəs etiraf edr:
“Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi sistemində hazıranan milli silahlarımız həm öz ordumuzda istifadə olunur, həm də dünyanın müxtəlif ölkələri tərəfindən alınaraq ordularda istifadə edilir. Bu da Azərbaycanın hərbi potensialının gücünü göstərir. Eyni zamanda hərbçilərimizin peşəkarlığı da göz önündədir. Bir çox ölkələrdə sülh missyası ilə bizim hərbçilər də çıxış edirlər və bu da onu göstərir ki, Azərbaycan ordusu istənilən an öz torpaqlarını işğaldan azad etməyə hazırdır və qadirdir”.
1news.az