Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq
Gələn il mayın 29-da Bakıda keçiriləcək final oyununa hazırlıq məqsədilə dekabrın 22-dən yanvarın 7-dək Azərbaycan paytaxtında UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq.
1news.az AFFA-nın saytına istinadla xəbər verir ki, futbol həvəskarları 17 gün ərzində fəaliyyət göstərəcək muzeydə UEFA Avropa Liqası tarixinin unudulmaz anlarının əks etdirən eksponatları görə biləcəklər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq Avropa Liqası Muzeyi üç hissədən ibarət olacaq. Sərgini ziyarət etmək istəyənlər girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə edə biləcəklər.
Muzey zonasında Avropa Liqasının tarixini əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi topu, eləcə də turnirin final oyunlarında istifadə edilmiş imzalı toplar sərgilənəcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək.
Oyun və istirahət zonasında isə qonaqlara rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışlarda iştirak imkanı təqdim olunacaq. Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri də təşkil olunacaq. İmza günlərində muzeylərin ziyarətçiləri futbolçularla yaxından tanış ola, onlardan imza ala, eləcə də xatirə şəkilləri çəkdirə biləcəklər.
Dekabrın 22-dən yanvarın 7-dək hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir.
Xatırladaq ki, ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.
1news.az