Politoloq: Yalnız Dağlıq Qarabağ problemi həll olunduqdan sonra Rusiya-Ermənistan münasibətləri strateji hesab oluna bilər | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Yalnız Dağlıq Qarabağ problemi həll olunduqdan sonra Rusiya-Ermənistan münasibətləri strateji hesab oluna bilər

10:07 - 24 / 12 / 2018
Politoloq: Yalnız Dağlıq Qarabağ problemi həll olunduqdan sonra Rusiya-Ermənistan münasibətləri strateji hesab oluna bilər

Rusiya prezidenti V.Putinin sonuncu mətbuat konfransındakı açıqlamasından bəlli oldu ki, Paşinyan Moskvaya çağırılıb. Qısa müddətdə artıq ikinci dəfədir ki, Rusiya Ermənistanın adından bəyanat verir və yaxud Ermənistanla əlaqəli məsələləri Ermənistanın iştirakı olmadan açıqlayır.

Putindən bir az öncə RF Xİ naziri S.Lavrov Ermənistanla üçüncü ölkənin hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməməsi ilə bağlı müqaviləni yaxın vaxtlarda imzalanacağını bildirdi. Lavrovun bu bəyanatına Paşinyanın reaksiyasından bəlli oldu ki, bu məsələ Paşinyan hökuməti ilə müzakirə olunmayıb. Lavrov da faktiki Ermənistanın adından danışdı.

Ermənistanın suverenliyinin itirilməsi prosesi sürətlənir.

Putinlə görüş barədə nəsə  bir şey bəlli olsaydı, Paşinyan Putindən qabaq bunu mətbuata çıxarardı.

Rusiya Ermənistanı cəzalandırır. Çünki Paşinyan Putini parlament seçkilərində aldatdı: Putin Paşinyanın seçilməsi naminə ona konkret yol göstərdi, eləcə də R.Köçəryanı neytrallaşdırdı. Əvəzində Putin gözləyirdi ki, keçmiş “Respublika” partiyasının təmsilçilərindən ibarət 20-30 deputatı parlamentə buraxacaq və bunlar Rusiyanın sözünü danışacaq. Bu olmadı.

Görünür, Putin hesab edir ki, Paşinyandan hesabat istəməyin vaxtıdır və ehtimal ki, Düşənbədə əldə olunmuş razılaşmanın taleyini də soruşacaq. Hər halda Putin Paşinyanın ikinci dəfə onu aldatmasına imkan verməyəcək. Nə vəd verməsindən asılı olmayaraq N.Paşinyan 7 aylıq hakimiyyəti dövründə Rusiyaya xeyli zərbə vurdu:

Rusiyanın Ermənistanda iqtisadiyyatının dayağı hesab olunan bəzi şirkətlər onun əlindən alındı.

KTMT-nin imicini ləkələdi,

Uşakovun təmiz reputasiyasına ləkə atdı,

Ölkədə ant-Rusiya Qərbpərəst enerji islahatlarının keçirilməsinə start verilib.

Parlament seçkilərində Rusiyanın maraqlarını nəzərə almadı.

N.Paşinyanın yeni vəd verməsi hələ bu vədlərin reallaşması demək deyil. Çünki Ermənistanın Rusiyanın aldatması təcrübəsi əslində daha böyükdür. Ermənistanın keçmiş baş naziri Tiqran Sərkisyan (indi Avrasiya İqtisadi Komissiyasının sədridir) Brüsseldə keçirdiyi görüşlərdə ən azı 2 dəfə Ermənistan ərazisindəki Rusiyanın hərbi bazasının çıxarılması məsələsini müzakirə edib.  Şərq Tərəfdaşlığı Proqramının aktiv dövründə Ermənistanın Qərblə münasibətlərində Şimali Qafqaz məsələləri və Rusiyanın hərbi bazasının Ermənistan ərazisindən çıxarılması mövzusu xeyli aktual idi. Nikol Paşinyan həmin yolu gedə biləcək.

Ermənistanın Rusiyaya bağlanmasının, Ermənistanın ümumiyyətlə dövlət olaraq siyasət aparmasının yolu Dağlıq Qarabağ probleminin həllindən keçir. Dağlıq Qarabağ problemi  həllini tapmayanadək Ermənistan Rusiyanı aldadacaq.

Ona görə Dağlıq Qarabağ probleminin həlli Rusiya üçün hal-hazırda çox böyük əhəmiyyətə malikdir.

Ermənistan uğrunda gedən mübarizəni təkcə Rusiya ilə Qərb arasındakı mübarizə kimi xarakterizə etmək düzgün deyil. İri dövlətlərdən birinin də Ermənistana marağı inkişafdadır.

Rusiya ilk növbədə Mehri dəmir yolunun açılmasına nail olmalıdır. Mehri dəmir yolu açıldıqdan sonra Qərb siyasətçiləri uzun müddət bunun təhlili ilə məşğul olacaqlar. Bu dövrdə Ermənistanın daxilindəki müəyyən qüvvələr eləcə də Rusiyadakı bəzi qüvvələr Ermənistanın Rusiyaya bağlanması istiqamətində xeyli güclü addımlar ata bilərlər.

Eləcə də Rusiya beynəlxalq hüquqa hörmət etməsini nümayiş etdirməlidir. Azərbaycanın işğal olunmuş ərazilərinə Rusiya qazının Ermənistan ərazisi vasitəsilə nəqli Rusiyanın beynəlxalq hüquqa qarşı hörmətsizliyi kimi qəbul edilə bilər. Başqa sahələrdə Rusiyanın beynəlxalq hüquqa hörmətsizliyini  zərrəbinlə axtarıb tapmaq lazımdırsa burada isə hər şey açıq-aşkar göz qabağındadır.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu iki addım-Mehri dəmir yolunun açılması, Azərbaycanın işğal olunmuş ərazisinə Rusiya qazının nəqlini beynəlxalq hüquq normaları əsasında sənədləşdirməsi hal-hazırda Rusiya üçün çox vacib məsələdir. Rusiya-Ermənistan münasibətlərini bunlar həll edir. Qarabağ probleminin həll olunmamış qalması Rusiya üçün Ermənistanın təhlükəsini yalnız artıracaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər