Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Kung-Fu üzrə Prezident Kuboku keçirilib – FOTO
Azərbaycan Kung-Fu Federasiyasının və “ALTİS” Şirkətlər Qrupunun təşkilati dəstəyilə ilə dekabrın 23-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Kung-Fu üzrə Prezident Kuboku keçirilib.
300-ə yaxın idmançının iştirak etdiyi yarışın əsas məqsədi idmançıların peşəkarlıq səviyyəsini artırmaq və bütün dünyada yaşayan azərbaycanlıları idmanın ətrafında birləşdirməkdir.
Yarışı açıq elan Kung-Fu Federasiyasının prezidenti Nurlan Aslanov ölkəmizdə keçirilən, beynəlxalq yarışlarda bayrağımızı ucaldan, himnimizi səsləndirən idmançılarımıza hər zaman diqqət və qayğı göstərən ölkə başçısı Prezident İlham Əliyevə bütün idmançılar adından minnətdarlığını bildirib. Nurlan Aslanov Cənab Prezidentin apardığı idman siyasətində və idman hərəkatının güclənməsində federasiyanın bütün gücü ilə çalışdığını diqqətə çatdırıb. Çıxış edənlər Federasiyanın vitse-prezidenti Orxan Qəribov, “ALTİS” Şirkətlər Qrupunun rəhbəri Kamal Heydərov ölkə rəhbərinin apardığı idman siyasətinə dəstək verdikləri üçün qürur duyduqlarını, hər zaman idmançıları dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.
Peşəkar döyüşlərin baş tutduğu qala gecəsində 14 çəki dərəcəsində güclərini sınayan idmançılar Prezident Kubokuna və fəxri diplomlara layiq görülüblər.
Qeyd edək ki, yeniyetmələr arasında Fərid Kazımov, gənclər arasında 65 kq çəki dərəcəsində Ruslan Hüseynov, böyüklər arasında 56-90-120 kq çəki dərəcəsində Səxavət Həsənov, Murad Qasımov, Toğrul Mikayılov, Ellər Orucov, Erkin Osmanov, Rauf Gərayzadə, Şənlik Talıbov, Cahangir Qasımov, Xəyyam Səfixanov birincilik qazanaraq Prezident Kubokuna sahib olublar.