Atçılığın konkur növü üzrə “Arzu kuboku” yarışı keçiriləcək
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə yanvarın 11-12-də bu ilin ilk konkur yarışı keçiriləcək.
ARAF-dan 1news.az-a verilən məlumata görə, “Arzu kuboku” adlı turnir “E”, “M” və “S” kateqoriyaları üzrə təşkil olunacaq.
Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları kubok uğrunda yarışacaqlar.
Turnirin birinci günündə “E” kateqoriyası üzrə 80-85 santimetr hündürlükdə qurulacaq maneələrdən ibarət yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə veriləcək. Günün ikinci - “M” kateqoriyası üzrə yarışı hər yaş kateqoriyasından olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 120-125 santimetr nəzərdə tutulub.
Turnirin ikinci günündə isə “S” kateqoriyası üzrə yarış təşkil olunacaq. Həmin kateqoriya üzrə maneələrin hündürlüyü 130-140 santimetr olacaq.
Turnir yerli hakimlər kollegiyası tərəfindən idarə olunacaq. Turnirin ümumi mükafat fondu 5 min manat təşkil edir.
1news.az