Vüqar Rəhimzadə: Radikal müxalifət Azərbaycana qarşı olan qüvvələrin əlində bir alətdir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Radikal müxalifət Azərbaycana qarşı olan qüvvələrin əlində bir alətdir

14:40 - 25 / 01 / 2019
Vüqar Rəhimzadə: Radikal müxalifət Azərbaycana qarşı olan qüvvələrin əlində bir alətdir

Yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onun zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.

Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı.

Müxalifətin birləşmiş qüvvələrinin “Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. 

Mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərəfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, radikal müxalifətin yanvarın 19-da “Məhsul” stadionunda təşkil etdiyi tədbirə heç mitinq də demək olmaz. Baş redaktorun sözlərinə görə, ona yaxın siyasi partiyanın 2800-ə yaxın insanı bir yerə toplamasını hədəfsiz və konkret məqsədi olmayan bir oyun, şou adlandırmaq olar:

“Həmin tədbir onu təşkil edən şəxslərin yalnız öz şəxsi maraqlarını güddüyünü bir daha göstərmiş oldu. Mitinqdə fərqli yanaşmaların da olduğunun şahidi olduq. Məsələn, ora toplaşanlar İlqar Məmmədovun çıxışına tam etinadsız yanaşdılar, digər natiqlərin çıxışına isə tam fərqli yanaşmanın şahidi olduq. Bu da mitinqin özünün daxilində, onun təşkilatçıları arasında bir parçalanmanın olduğundan xəbər verirdi. Azərbaycanı istəməyən qüvvələr tərəfindən idarə olunan, erməni lobbisinin maliyyə dəstəyi və xaricdən aldıqları qrantlarla hərəkət edən bu insanlar yalnız maddi maraq güddüklərini yenə ortaya qoymuş oldular.

Mitinqdən cəmi iki gün sonra həbsdə olan Mehman Hüseynovun cənab Prezidentə müraciət etməsi və dövlət başçısının hər zaman olduğu kimi humanistlik göstərərək onun müraciətinə cavab verməsi, az sonra isə barışıq əsasında Mehman Hüseynovla bağlı açılmış cinayət işinə xitam verilməsi radikal müxalifətin fəaliyyətinin nəticəsiz, mənasız olmasına bir işarə oldu”.

V.Rəhimzadə bildirib ki, radikal müxalifəti təmsil edən şəxslərin mitinqdən bir gün sonra, yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı şəhidlərin ruhuna hörmətsizlik etmələri isə onların gerçək simalarını bir daha ortaya qoydu:

“Bir daha aydın oldu ki, onları xalq, dövlət maraqlandırmır. Onlar yalnız şəxsi maraqları, şəxsi ambisiyaları üçün çalışırlar. Çünki bu insanlar Azərbaycanı istəməyən. ona qarşı olan qüvvələrin əlində bir alətdilər və erməni lobbisinin maliyyə dəstəyi ilə hərəkət edirlər. Buna görə də onların millət haqqında, Vətən haqqında danışmağa mənəvi haqları yoxdur”.

Keçən əsrin 90-cı illərində həmin insanların hakimiyyətdə olduqlarını xatırladan baş redaktor bildirib ki, bu gün xalq kimin kim olduğunu yaxşı dərk edir, ağı qaradan seçməyi bacarır. Buna görə də xalqı aldatmaq mümkün deyil:

“Hər kəsə yaxşı məlumdur ki, indiki radikal müxalifətdə olan insanların bir illik qısa səriştəsiz hakimiyyətləri dövründə Azərbaycan ağır fəlakətlərlə üzləşdi. Ölkə iqtisadiyyatında durğunluq baş verdi, insanlar çörəklə sınağa çəkildi, Azərbaycan siyasi həyatında ciddi böhran yaşandı, rayonlarımız erməni yaraqlıları tərəfindən işğala məruz qaldı.

Bunları xalq yaxşı bilir. Radikal müxalifətin ətrafına toplanan, mitinqdə iştirak edən insanların bir çoxu, xüsusən də gənclər bəlkə də onların kimliyini yaxşı tanımayan insanlardır. Lakin tədricən həmin insanlar onların iç üzlərini, kim olduqlarını, səriştəsiz olmalarını görəcəklər”.

1news.az

Paylaş:
2450

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər