“Beynəlxalq Şəffaflıq” təşkilatının qeyri-şəffaf fəaliyyəti - TƏHLİL

Məlum olduğu kimi, bu günlərdə “Beynəlxalq Şəffaflıq” təşkilatı “2018-ci il Korrupsiya Qavrama İndeksi”ni açıqlayıb. Hesabatla tanış olanda Azərbaycanla bağlı qərəzli mövqe açıq-aydın özünü büruzə verir. Belə ki, ölkəmizin son illər bütün sahələrdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən uğurlu islahatlar beynəlxalq reytinqlərdə qeyd edilib və Azərbaycanın irəliləməsinə səbəb olub.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın “Beynəlxalq Şəffaflıq” təşkilatının “Korrupsiya Qavrama İndeksi”ndə nəticəsi sonuncu 2018-ci il hesabatı istisna olmaqla, həmişə irəliləyib. Bununla belə, Azərbaycanın “Korrupsiya Qavrama İndeksi”nin nəticələri ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatları heç vaxt tam əks etdirməyib.
“Korrupsiya Qavrama İndeksi”nin nəticələri hazırlanarkən “Beynəlxalq Şəffaflıq” təşkilatının özü tədqiqat aparmır, digər təşkilatların tədqiqatlarının nəticələrindən istifadə edir. Azərbaycanın nəticəsi hesablanarkən 7 təşkilatın tədqiqatı nəzərə alınırdı, lakin bu il Dünya İqtisadi Forumunun hesabatı nəzərə alınmayıb. Bunun səbəbi isə Dünya İqtisadi Forumu tərəfindən öz metodologiyalarına edilən dəyişikliklərlə bağlıdır.
Ötən il Dünya İqtisadi Forumun tədqiqatına əsasən, Azərbaycana 52 bal verilib. Bu il həmin balın olmaması ümumi bala mənfi təsir edib və Azərbaycanın “Korrupsiya Qavrama İndeksi”ndə reytinqi zəifləyib.
Qeyd edilməlidir ki, “Korrupsiya Qavrama İndeksi” 1995-ci ildən nəşr edilməsinə baxmayaraq, 2012-ci ildə nəticələrdə olan qüsurlar və kəskin fərqlərlə bağlı tənqidlər səbəbindən bu indeksin hazırlanma metodologiyası dəyişdirilib. Lakin bununla belə, indeksə münasibət dəyişməyib və bu gün də həmin indeks ciddi araşdırmalar və ya islahatların, tədbirlərin hazırlanması zamanı etibarlı mənbə sayılmır.
Təşkilat özü də bu tənqid və iradları qəbul edir, çünki korrupsiyanın ölçülməsi və xüsusilə müqayisəli sıralanması çox çətin işdir. Bu səbəbdəndir ki, həmin indeksin ümumiyyətlə, ləğv edilməsilə bağlı təşkilata mütəmadi çağırışlar olur.
Bunun səbəblərindən biri isə odur ki, “Korrupsiya Qavrama İndeksi”nin hazırlanmasında bütün ölkələr üzrə bərabər sayda və eyni mənbələrdən istifadə edilmir. Azərbaycan üzrə 6, Serbiya üzrə 8, Rusiya və Moldova üzrə 9, Montoneqro üzrə isə cəmi 5 mənbədən istifadə edilib. Misal üçün, bu indeksin hazırlanmasında istifadə edilən mənbələrdən biri olan “Dünya Ədalət Layihəsi – Hüququn Aliliyi İndeksi” Gürcüstana 100 baldan 63 bal verib, bu isə Gürcüstanın ümumi nəticəsinə əhəmiyyətli dərəcədə təsir edib. Ancaq qeyd edilən təşkilat Azərbaycanı ümumiyyətlə qiymətləndirməyib. Və ya əksinə, bəzi təşkilatlar Azərbaycanı qiymətləndirsə də, digər ölkələri qiymətləndirməyib. Bu halda ölkələrin ümumi nəticəsini necə müqayisə etmək olar? Yaxud, bu müqayisə necə obyektiv ola bilər? Buna görə də ölkələrin nəticələri müxtəlif illər ərzində kəskin yaxşılaşır və ya zəifləyir.
Digər məsələ isə Korrupsiya Qavrama İndeksinin Azərbaycan üçün əsas götürdüyü mənbələr “Bertelsman Foundation” və “Freedom House” həmişə ölkəmizlə bağlı qərəzli mövqedə olub. Ona görə də bu indeksin nəticələri obyektiv hesab edilə bilməz. “Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabat olan “Qlobal Korrupsiya Barometri” daha şəffafdır və etibarlıdır. Çünki bu hesabat birbaşa olaraq vətəndaşların mövqeyini ifadə edir. Dünyada belə bir yanaşma mövcuddur ki, ölkə üzrə rəy bildirilərkən “Beynəlxalq Şəffaflıq” təşkilatının digər hesabatı olan “Qlobal Korrupsiya Barometri”nin nəticələri də nəzərə alınmalıdır.
“Beynəlxalq Şəffaflıq” təşkilatının sonuncu Qlobal Korrupsiya Barometri”ndə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır. Bu baxımdan ölkəmizin Korrupsiya Qavrama İndeksində yeri reallığa uyğun deyil.
Bununla yanaşı, Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsi (MONEYVAL), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumlarının müvafiq qiymətləndirmə raundlarını uğurla keçib.
Ekspertlər də hesabatın reallığı əks etdirmədiyini, sifarişlə hazırlandığını, “Beynəlxalq Şəffaflıq”ın kifayət qədər qeyri-şəffaf maliyyə mənbələrinə malik olduğunu hesab edirlər.
Siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli 1news.az-a bildirib ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı Azərbaycanla bağlı özü birbaşa təhlil aparmayıb və ölkəmiz üzrə məlumatı ciddi şəkildə araşdırılmayıb.
O bildirib ki, bu qurum Soros Fondu tərəfindən maliyyələşən başqa bir təşkilatın informasiyalarına əsasən Azərbaycan haqqında mülahizə yürüdüb.
E.Mirzəbəyli hesab edir ki, əvvəla, bu faktorun özü bütövlükdə Azərbaycanla bağlı digər və daha nüfuzlu beynəlxalq təşkilatların 2018-ci il, eyni zamanda 2019-cu ildə açıqladığı hesabatlarla üst-üstə düşmür:
“Nəzərinizə çatdırım ki, Azərbaycanın kredit reytinqləri artıb və həmçinin ölkəmiz 2018-ci ildə ən çox islahat aparan dövlət kimi bir sıra vacib hesbatlarda ön plana çıxıb. Həmin hesabatlarda Azərbaycan ən islahatçı ölkə kimi dünyaya təqdim olunub. Bu kontekstdən Azərbaycana olan iqtisadi maraqlar da artıb və xarici investisiyalarla bağlı prosesin daha mühüm bir mərhələyə qədəm qoyması gözlənilir. Belə olduğu təqdirdə, “Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycanın “2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə geriləməsi kimi bir absurd iddiaya imza atması qətiyyən məntiqə uyğun deyil”.
Ekspert əlavə edib ki, islahat o ölkədə baş verir ki, eyni zamanda o ölkənin iqtisadi reytinqləri artır ki, orda korrrupsiya minium hədlərə çatdırılır və bu istiqamətdə ciddi mübarizə aparılır: “Yəni bir ölkənin iqtisadi potensialı, investisiya mühütinin yüksəlməsi, daha geniş anlamda təqdim olunması, o deməkdir ki, həmin ölkədə korrusiya ilə bağlı ciddi problemlər yoxdur. Daha öncə Azərbaycanın reytinqdəki yeri irəlidə olduğu halda, məhz islahatların həyata keçirildiyi, vergi, gömrük və digər sahələrdə mühüm addımların atıldığı bir vaxtda belə bir iddianın absurd şəkildə ortaya çıxaması bunun qərəzli olduğunu sübuta yetirir. Hesab edirəm ki, xüsusi şərhə də ehtiyac yoxdur, hər şey açıq-aydındır, mənzərə göz önündədir”.
Ekspert Müşfiq Ələsgərlinin fikrincə, “Transparency İnternational” (Tİ) (“Beynəlxalq Şəffaflıq”) təşkilatının yanvarın 29-da dərc etdiyi 2018-ci il üzrə Korrupsiya İndeksini incələdikcə, maraqlı nüanslar ortaya çıxır. Diqqət çəkən məqamlardan biri budur ki, Azərbaycanı korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yerə layiq görən Tİ-nin özünün maliyyə mənbələrində kifayət qədər ziddiyyət, qeyri-şəffaflıq var. Baxmayaraq ki, Tİ öznün veb səhifəsində “20 milyon dollarlıq büdcəsinin gəlir mənbələri” barədə bilgi yerləşdirib. Amma diqqət yetirəndə görünür ki, büdcədə göstərilən rəqəmlərlə Tİ mühasibatlığının şərhi arasında uyğunsuzluqlar var.
“Məsələn, şərh bölməsində qeyd edilir ki, Tİ-nin illik büdcəsinin 24 faizi ABŞ-dan formalaşır. Amma rəqəmlərin təsnifatından bəlli olur ki, qeyd edilən məbləğ ABŞ-dan yalnız Tİ-nin institutsional xərcləri üçün ayrılan (United States 763,074 24 $) vəsaitdir. Tİ-nin layihələrinin maliyyələşməsinə çəkilən xərclər müxtəlif fondların arasında paylaşdırılmaqla, müxtəlif qrafalarda yerləşdirilməklə iz itirilib. Deyək ki, ABŞ Dövlət Departamentinin (U.S. Department of State) Tİ-yə birbaşa ayırdığı yardımla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ayırdığı vəsait fərqli qrafalarda təqdim edilir. Ən qəribəsi isə Foundation Open Society Institute (Soros Fondu- 469,992$) ilə Open Society Institute Development Foundation (213,225 $), Friends of Transparency International (Nyu-York- 241,502 $) ayrı qrafalarda, ayrı-ayrı mənbələr kimi göstərilirlər. Hansı ki, bu fondların hər birinin eyni mənbə olduğunu, Corc Sorosa bağlandığını hər kəs bilir. Bu adlar və rəqəmlər ona görə fərqli adlar altında təqdim edilir ki, diqqətçəkici görünməsinlər. Çünki bu ayrı-ayrı forndlar və ayrı –ayrı rəqəmlər birləşdiriləndə, çox yüksək göstərici ortaya çıxır, “Transparency İnternational”ın hansı maliyyə mənbəyinin təsiri altında olduğu və kimin sifarişini yerinə yetirdiyini üzə çıxarır”.
M.Ələsgərli hesab edir ki, “Transparency İnternational”ı Corc Sorosla birləşdirən bağ təkcə Tİ-yə birbaşa ayırdığı vəsaitlə bitmir:
“ Tİ 2018-ci il üzrə Korrupsiya İndeksini hazırlayarkən, “bəzi rəqəmlərdə” “Korrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi”-nə (OCCRP) də istinad etdiyini göstərir. Amma “bəzi məqamlarda istinad” deyimi də yalnız iz azdırmaq üçündür. Tİ-nin hesabatı simvolik dəyişikliklərlə, demək olar ki, OCCRP-dən köçürmədir. Tİ hesabatın bir bəndində açıq şəkildə qeyd edir ki, 2018-ci il indeksində Azərbaycanın birdən-birə 32 pillə geri atılması “Azərbaycan landromatı” hesabatına görə olub. Təşkilat, sanki üzürxahlıq edir, çıxılmaz durumda olduğunu büruzə verir. Hesabatda yazır ki, “son beş ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il “Azərbaycan landromatı”-nın üzə çıxması hesabatda Azərbaycanın 32 pillə geriləməsinə səbəb olub”.
Məlumat üçün qeyd edək ki, “Azərbaycan landromatı” hesabatı “Korrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi” (OCCRP) çərçivəsində hazrlanıb. Bu halda OCCRP –in kimliyi sualı ortaya çıxır. Amma onun izini tapmaq üçün də səbrli davranmaq lazım gəlir, çünki, burada da iz azdırmaq üçün “yüngülvari manevrlər” edilib ki, sadə oxucu sona vara bilməsin. OCCRP Beynəlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin (Global İnvestigative Journalism Network-GİJN) hesabatı kimi təqdim edilir. Deməli, OCCRP-in kimliyini tapmaq üçün GİJN-ni araşdırmaq lazım gəlir. GİJN-nin saytında verilən bilgidən bəlli olur ki, proqramın rəsmi qurucusu və maliyyəçisi Açıq Cəmiyyət Fondudur (Open Society Foundations-Soros Fondu). İkinci maliyyəçi isə, USAİD-dir. Beləcə, “Transparency İnternational” (Tİ) təşkilatının 2018-ci il üzrə Korrupsiya İndeksində Azərbaycan üçün müəyyən edilən yerin sifarişinin kimdən gəldiyi dəqiq şəkildə üzə çıxır: Corc Soros”.
Ekspert xatırladıb ki, 2018-ci il üzrə Korrupsiya İndeksinin hazırlanması, bunun fonunda Azərbaycana qarşı aparılan savaş “Transparency İnternational”ın OCCRP ilə ilk müştərək işi deyil. 2 təşkilatın Azərbaycanla bağlı sərt təpkiləri 2016-cı ildə – TANAP və TAP layihələri, “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması zamanı ortaya çıxıb. Bəllidir ki, Azərbaycanın həmin layihələrin icrasına başlaması çoxlarını narahat etmişdi. Narahat olanlar sırasında “Corc Soros imperiyası” və onunla əməkdaşlıq edənlər də vardı. Həmin dövrdə bu şəbəkə Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoydular, Azərbaycanın kredit almasını əngəlləmək üçün min bir oyun qurdular. İş o qədər gərginləşdi ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşkilatında üzvlükdən (MSŞT) imtina etdi. “Transparency İnternational”ın OCCRP-lə ideyası bu idi ki, Azərbaycanla MSŞT arasında münasibət gərginləşsə, şərtə görə beynəlxalq kredit təşkilatları Azərbaycana kredit verməkdən imtina edəcəkdilər və bununla da Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması imkansız olacaq. Azərbaycan bu təzyiqə ləyaqətlə dözdü, cavab verdi və öz layihəsini gerçəkləşdirdi. Məntiqə əsaslansaq, belə sual yaranır: Corc Soros bu gün nəyin peşindədir? Yəqin ki, tezliklə bu da aydınlaşacaq.
1news.az