Bakıda keçiriləcək dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox gimnast qatılacaq
Aprelin 26-28-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Batutçulardan və idman gimnastlarından sonra bu dəfə meydançanı gimnastikanın ən zərif nümayəndələri təhvil alaraq güclərini sınayacaqlar.
1news.az-ın Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi xəbərə görə, ilkin qeydiyyat siyahısına əsasən, artıq 43 ölkədən 200-dən çox gimnastın kubok yarışlarında mübarizə aparacağı gözlənilir. Üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.
Yarışın ilk iki günündə təsnifat mərhələləri təşkil olunacaq. Həmçinin çoxnövçülük üzrə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
1news.az