Hikmət Hacıyev: Ermənistanın işğal etdiyi ərazidə qanunsuz fəaliyyəti münaqişənin həllinə maneə törədir
Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir.
1news.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetinin kitabxanasında “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimat mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunduqdan sonra həmin ərazidə qanunsuz fəaliyyətə başlayıb.
Şöbə müdiri bildirib ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edir, dünya bazarında satışa çıxarır.
H.Hacıyev qeyd edib ki, beynəlxalq qanunvericiliyə əsasən, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağandır. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir.
PA rəsmisi bildirib ki, Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub.
“Ermənistan tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törədir”- deyə, PA rəsmisi vurğulayıb.
H.Hacıyev Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Suriyadan gələn ermənilərin köçürülməsinə də münasubət bildirib. Qeyd edib ki, Ermənistan tərəfi humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirərək Suriyadan gələn erməniləri işğal edilmiş, erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürür.
Bununla da Ermənistan tərəfinin beynəlxalq humanitar qanunları kobud şəkildə pozduğunu deyən PA rəsmisi vurğulayıb ki, beynəlxalq qanunlara əsasən, insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir. Lakin Ermənistan tərəfi buna məhəl qoymur və öz qanunsuz fəaliyyətini davam etdirir:
“Bu bir daha göstərir ki, Ermənstan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına maraqlı deyil”- deyə, H.Hacıyev sözlərinə əlavə edib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərinə toxunan H.Hacıyev bildirib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb.
Münaqişənin həlli ilə bağlı hazırda Ermənistan tərəfindən müəyyən iddiaların səsləndirildiyini deyən H.Hacıyev bunun danışıqlar prosesinin ümumi ruhuna xələl gətirdiyini söyləyib:
“Hesab edirik ki, beynəlxalq ictimiayyət və həmsədr ölkələr daha aktiv səylər göstərərək Ermənistanın danışıqlar prosesində daha konstruktiv rol oynamasını təmin etməlidirlər. Azərbaycan danışıqlar prosesini dəstəkləyir və bu konstruktiv mövqeyimiz beynəlxalq ictimiayyət tərəfindən yüksək dəyərləndirilir”.
H.Hacıyev qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, həmçinin hər iki ölkənin rəhbərlərinin yaxın gələcəkdə görüşünə dair hər hansı bir məlumat yoxdur.
P.Sultanova












