Elçin Mirzəbəyli: Sumqayıt hadisələrinin ermənilərin təxribatı olduğunu sübut edən kifayət qədər faktlar var

Ermənilər Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın gördüyü işlərin əhəmiyyıtini azaltmaq və dünya ictimaiyyətinin diqqətini bu məsələdən yayındırmaq üçün müxtəlif vasitələrdən istifadə edir, o cümlədən öz məqsədlırinə uyğun şəkildə Sumqayıt hadisələrini qabardırlar.
1news.az xəbər verir ki, Xocalı soyqırımın 27-ci ildönümündə də onlar yenə də özlərinin törətdikləri və Azərbycana qarşı əvvəlcədən planlaşdırılmış təxribat olan Sumqayıt hadisələrini gündəmə gətirməyə çalışırlar.
Məlumat üçün bildirək ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşların təşkilatçılarının ermənilər olduğuna dair xeyli faktlar var və bu faktlar sübuta yetirilib.
Qeyd edək ki, qırğınların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən SSRİ DTK-nın himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib.



"Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalı 1959-cu ildə anadan olmuş Eduard Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq məqsədini güdüb.
Qeyd edək ki, Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov edam edilib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli E.Qriqoryan olduğunu sübut edir.
Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovağzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini və orada azərbaycanlı qadınların mismarla elektrik dirəklərinə vurulduğunu deyərək onları qızışdırıb.
O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Sumqayıt hadisələrində əsl günahkarın erməni əsilli Eduard Qriqoryan olduğunu şahid ifadələri də subuta yetirib. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan istintaqa ifadəsində bildirib: “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirib ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.
Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə baş verən qırğınları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.
Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib.
Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.
Bütün bunlara baxmayaraq Sumqayıt hadisələrinin əsas baiskarı olan E.Qriqoryan layiqli cəzasını almayıb. Belə ki, dövlət ittihamçısı Aslan İsmayılov E.Qriqoryan üçün ömürlük iş istəsə də bu qəbul olunmayıb. Ona yalnız 12 il iş verilsə də bir neçə ildən sonra azadlığa buraxılıb.
Ermənilərin Xocalı soyqırımın ildönümündə özlərinin törətdikləri Sumqayıt iğtişaşını gündəmə gətirmələri isə bu dəhşətli soyqırımı ört-basdır etməyə yönəlib.
Siyasi şərhçi Elçin Mirzəbəyli 1news.az-a deyib ki, əslində Sumqayıt hadisələri elə sonradan gündəmə gətirilmək üçün törədilmişdi və təxribat xarakterli idi:
“Bunu SSRİ Dövlət Təhlükəsizlik Komitəsi(DTX) və erməni təşkilatları həyata keçimişdilər. Bunun sübuta yetirilməsinə də ehtiyac yoxdur. Adətən sovet dövründə belə hadisələr baş verəndə müvafiq qaydada hüquq mühafizə orqanları, daha doğrusu polis(o zamankı milis), daxili qoşunlar müdaxlə edirdi. Amma həmin vaxt hər hansı bir müdaxilə olmamışdı və SSRİ-nin müvafiq siyasi rəhbərliyinin deyil, məhz DTK sədrinin birinci müavini Babkov Sumqayıta gələrək hadisələrin xuliqanlıq zəmnində baş verən hadisə deyil, etnik təmizləmə olduğunu bildirərək, birbaşa istintaqın gedişini öncədən müəyyənləşdirmişdi. Əslində bu təxribat faktlarla sübuta yetirilib”.
E.Mirzəbəyli bildirib ki, ermənilər də bunu o zaman Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün həyta keçirmişdilər ki, sonradan bu proseslərə haqq qazandırsınlar ki, “ermənilərin azərbaycanlılarla birgə yaşaması mümkün deyil”, o aspektindən Dağlıq Qarabağı Azərbaycandan qoparmalıdırlar:
“Məqsəd bundan ibarət idi. Bu gün də bu, ermənilərin, bütün erməni lobbisinin, diasporunun siyasətində özünü açıq şəkildə büruzə verir. İndiki şəraitdə Xocalı soyqırımının qarşılığında görülən tədbirlərin, ayrı-ayrı ölkələrin Xocalı soyqırımının tanıması istiqamətində atdığı addımların effektini azaltmaq üçün ermənilər məqsədyönlü şəkildə Sumqayıt hadisələri haqqında yalan, uydurma əsası olmyan məlumatlar yaymağa cəhd göstərirlər.
Şübhəsiz, bunun qarşılığında atılacaq addımlar var. Azərbaycan Sumqayıt hadisələrinin gerçək üzü ilə bağlı bir sıra tədbirlər görür, amma düşünürəm ki, bu istiqamətdə daha ciddi şəkildə beynəlxalq aləmdə təbliğatın aparılmasına, obyektiv materialların ortaya qoyulmasına etiyac var.
Bununla bağlı müvafiq qaydada ermənilərə deyilə bilər ki, siz bu həqiqətlərin ortaya çıxmasını istəyirsinizsə, arxivlər var və həmin arxivlərdə o cinayətin başında məhz ermənilərin dyandığını sübuta yetirən faktlar var. Adam öldürülməsi, təcavüz faktlarının başında məhz erməni əsilli şəxslərin olduğunu sübuta yetirən faktlar mövcuddur. Buyurun, gəlin araşdıraq, ortya qoyaq və kimin kim olduğu bəlli olsun.
Təbii ki, ermənilər bundan qaçacaqlar, amma mahiyyət etibarilə Sumqayıt hadisələrinin ermənilərin öncədən planlaşdırdığı bir təxribat olduğunu sübuta yetirmək üçün Azərbaycanın əlində kifayət qədər faktlar var”.
P.S.