Əli Kərimlinin ölməyən arzularından doğan “mitinq” oyunu – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Əli Kərimlinin ölməyən arzularından doğan “mitinq” oyunu – TƏHLİL

18:08 - 28 / 02 / 2019
Əli Kərimlinin ölməyən arzularından doğan “mitinq” oyunu – TƏHLİL

Azərbaycanda dağıdıcı müxalifətin “başında duran” və ictimai-siyasi sabitliyi pozmaq üçün min bir oyundan çıxan AXCP sədri Əli Kərimli ənənəsini davam etdirməkdədir.

Öz sədri Əbülfəz Elçibəydən tutmuş, onun üçün sinəsini güllə qabağına vermiş bütün insanlara xəyanət edən Əli Kərimli şəxsi maraqları naminə xalqa çağırışlar edərək onu hakimiyyətə qarşı qaldırmağa, ölkədəki sabitliyi pozmağa çalışır. Bunun üçünsə o və ətrafındakılar ən müxtəlif vasitələrdən geniş istifadə etməyə çalışırlar.

Məlum olduğu kimi, Əli Kərimlinin ötən illər ərzində keçirdiyi mitinqlərə Azərbaycan ictimaiyyəti, xalqı dəstək verməyib. Müşahidələr zamanı görürük ki, belə mitinqlərə ictimaiyyət arasında maraq ildən ilə azalır. Təbii ki, bunların çox ciddi səbəbləri var. Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Əli Kərimlinin mitinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur. Əli Kərimlinin iftiraçı, şantajçı, siyasi oyunlar oyunçusu olduğu artıq cəmiyyətdə hamıya məlumdur.

Görünür buna görədir ki, indiyə kimi istədiklərinə nail ola bilməyən, xalqın dəstəyini qazana bilməyəcəyini görən Əli Kərimli taktikasını dəyişmək qərarına gəlib. Belə ki, tarixi günlərdə mitinq təşkil etməyə çalışan AXC sədri bununla həm havadarlarının gözünə girməyə, həm də ölkədə daha çox qarışıqlıq yaratmağa çalışır.

Əli Kərimli asayiş orqanları ilə qarşıdurmanı canfəşanlıqla ona görə yaradır ki, sifarişçi ağalarının etimadını və  pulunu qazansın. Üstəlik törətdiyi qanun pozuntularına “insan hüquq və azadlıqlarının pozulması” donunu geyindirərək sosial şəbəkələrə ötürülməsini təşkil etsin.

İnsanlar, sadə vətəndaşlar Əli Kərimlinin kim olduğunu, nəyə nail olmaq istədiyini artıq yaxşı dərk edirlər. Buna görə də Azərbaycanda beş-on tərəfdarından başqa heç kəs onu ciddi siyasət adamı kimi tanımır. O, siyasət dəllalı kimi mənfur bir adla tanınır.

Xatırladaq ki, AXCP və “Milli Şura”nın rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalı keçən il noyabrın 17-də Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər xiyabanında sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə və aranı qarışdırmağa cəhd göstərmişdilər.

Ənənəsini davam etdirən Əli Kərimli və tərəfdarları növbəti mitinqi Qanlı Yanvar günündən bir gün əvvələ - yanvarın 19-na təyin etdilər. Əvvəlcədən də gözlənildiyi kimi, özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumın keçmiş “Məhsul” stadionunda keçirdiyi mitinqi növbəti uğursuzluqla nəticələndi.

Mitinqdən sonra təyin olunmuş yerdən kənarda, yəni ictimaiyyətin sıx olduğu yerlərdə asayişi pozmağa yönəlmiş cəhdlər, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə qarşı göstərilən müqavimətlər, həmçinin vətəndaşları öz aksiyalarına zorla cəlb etmək cəhdləri bu gün də müvafiq güc qurumları tərəfindən araşdırılmaqdadır:

Maraqlısı budur ki, bu qanun pozuntularına görə məsuliyyəti nə AXCP sədri Əli Kərimli, nə də “Milli Şura”nın rəhbərliyi öz üzərinə götürür. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verilməməsi ilə bağlı rəsmi məlumatında da vurğulanır ki, yanvarın 19-da keçirilmiş mitinqdən sonra 200-ə qədər şikayət daxil olub və vətəndaşlar ictimai asayişin növbəti dəfə pozulması cəhdlərindən ehtiyat etdiklərini bildiriblər.

Mitinqdən bir gün sonra isə 20 yanvar ümumxalq hüzn günündə Şəhidlər Xiyabanına gələn “Milli Şura” adlandıran qurumun rəhbərləri və fəalları mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam-intizamı təmin edən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar.

Fevralın 26-da Xocalı soyqırımının ildönümü günündə Əli Kərimli və ətrafı öz iç üzlərini bir daha açdılar. Bölücü xislətindən vaz keçə bilməyən Əli Kərimli əslində bununla nə qədər zəif və heç bir ciddi dəstəyinin olmadığını göstərdi.

Əslində Xocalı soyqırımı vəbu kimi hadislərin ildönümü bir milli məsələdir.Bu, hər cür siyasi mübarizənin və məqsədin fövqündə dayanır. Hər il olduğu kimi Azərbaycan xalqı bu anlayışın fərqində idi və tək yumruq kimi öz liderinin prezidentinin ətrafında birləşdi. Keçirilən ümumxalq yürüşündə prezident İlham Əliyevin arxasınca 55 minlik bir insan izdihamı yürüdü.

Amma bu ümumxalq hüzn gününü öz cılız siyasi məqsədlərinə vasitəyə çevirənlər də tapıldı. Bütün milli məsələlərdə hər zaman Azərbaycan dövlətinə müxalif qalan radikallar bu dəfə də xislətindən vaz keçmədi. Əli Kərimli ümumxalq yürüşünə qatılmayaraq ətrafındakı 5-10 nəfərlə Xocalı abidəsinə ayrıca gəldi. Bununla da bir daha göstərdi ki, onun üçün ümummilli məsələ anlayışı yoxdur. Öz siyasi məqsədlərinə hər şeyi qurban verən Əli Kərimli növbəti dəfə özünü ifşa etdi. Həm də əslində nə qədər zəif və aciz olduğunu nümayiş etdirdi.

Qeyd edək ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə mövcud problemlərin həlli, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir. Başda Əli Kərimli olmaqla müxalifət liderlərinin bütün bunları görməzdən gəlmələri onu deməyə əsas verir ki, kor tutduğunu buraxmadığı kimi, onlar da öz mənfur niyyətlərindən, arzularından əl çəkmək istəmirlər.

Əli Kərimlinin xalqın etimadını itirdiyini ayrı-ayrı faktlar da sübut edir. Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda əmisi qızının yas mərasimində iştirak etmək üçün Saatlıya gedən Əli Kərimli burada onun üçün heç də xoş olmayan mənzərə ilə rastlaşıb. Belə ki, yas çadırında olan 40-a yaxın adam Əli Kərimlininin çadıra girdiyini görəndə oranı tərk edib. Əgər insan doğma kəndində hörmət sahibi deyilsə, ölkə ona nə hörmət eləsin?

Bu yaxınlarda kulis arxası söhbətlərdən kifayət qədər məlumatlı olan millət vəkili Siyavuş Novruzov müsahibəsində Əli Kərimlinin bir zamanlar deputat mandatı üçün hakimiyyətlə razılığa gəlməsi barədə faktları açmışdı.

Siyavuş Novruzov qədər məlumatlı digər mənbədən daxil olmuş məlumata görə, Əli Kərimli artıq hakimiyyətlə 2020-ci ilin parlament seçkiləri ilə bağlı mandat alverinə girişib. Müəyyən razılıqların əldə olunduğu da deyilir. Belə ki, Əli Kərimli hakimiyyətlə müzakirələrində qayını Elnur Seyidovun tezliklə azadlığa buraxılmasına razılıq əldə edib. Bu fakt Əli Kərimlinin iç üzünü bir daha açmaqla yanaşı, onun xalq üçün deyil, yalnız öz şəxsi mənafeyi naminə çalışdığını sübut edir.

1news.az

Paylaş:
3803

Son xəbərlər

Bütün xəbərlər