Leyla Yunusun Azərbaycana nifrətindən doğan erməni sevgisi – FOTO

Avropa Parlamentində “Armenophobia” adlı tədbir keçirilib.
1news.az-ın məlumatına görə özünü hüquq müdafiəçisi kimi qələmə verən Leyla Yunusun da fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bu o Leyla Yunusdur ki, dəfələrlə Azərbaycan əleyhinə çıxışlar etməklə ermənilərin xalqımıza qarşı qərəzli mövqeyini müdafiə edib və onlara dəstək verib. Görünür erməni dostları növbəti dəfə onun “dəstəyindən” yararlanmaq istəyiblər.
Fikirlərini “Ermənifobiya Azərbaycanda təhsilin tərkib hissəsi kimi” başlığı altında cəmləyən Leyla Yunus azərbaycanlıların uşaqlıqdan ermənilərə və bütün xristianlara qarşı nifrət ruhunda tərbiyə edildiyini söyləyib.
“Uşaqları 10 yaşlarından başlayaraq inandırmağa çalışırlar ki, azərbacanlılar qara geyimli imansız xristianların və ermənilərin düşmənləridir”- deyə, hüquq müdafiəçisi bildirib.
Qeyd edək ki, ermənilərin bu tipli tədbirlərinin əsas məqsədi azərbaycanlıları şovinist, bütün ermənilərə nifrət edən bir xalq kimi qələmə verməkdir. Halbuki hər kəsə yaxşı məlumdur ki, ermənilər özləri digər millətlərə, xüsusən də azərbaycanlılara qarşı böyük kin-küdurət bəsləyirlər. Buna misal olaraq 1905-07, 1918-ci illərdə və 1992-ci ildə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını xatırlamaq kifayətdir.
Bu gün də biz ermənilərin xalqımıza qarşı olan nifrətinin əziyyətini çəkirik. 20 faizdən artıq torpağımız işğal altındadır, Qarabağ müharibəsində minlərlə soydaşımız həlak olub və yaralanıb, 1 milyondan artıq azərbaycanlı etnik mənsubiyyətinə görə öz doğma yurd-yuvasından didərgin düşüb.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bizim problemimiz sadə erməni xalqı ilə deyil, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Ermənistan hakimiyyəti ilədir. Ermənistandan fərqli olaraq Azərbaycanda ermənilərə və digər millətlərin nümayəndələrinə qarşı heç zaman ayrı-seçkilik, hər hansı təzyiq olmayıb. Bu gün də on minlərlə erməni kökənli şəxs ölkəmizdə dinc, azad şəkildə yaşayır və dövlətin qayğısı ilə əhatə olunub.
Belə olan halda özünü hüquq müdafiəçisi kimi qələmə verən Leyla Yunusun söylədikləri fikirlər düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Çünki ancaq Azərbaycana nifrət edən bir şəxs bu cür hərəkət edə, ölkəmiz, xalqımız haqqında bu cür absurd fikirlər səsləndirə bilər.
Təəssüf ki, aramızda Leyla Yunuslar kimiləri az deyil və onlar qurd ağacı içindən yediyi kimi düşmənin xeyrinə ölkəmizə, millətimizə qarşı geniş kampaniya aparırlar. Buna qətiyyən yol verilməməli, dövlətimizə, xalqımıza xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır.
1news.az