Mübariz Əhmədoğlu: Mnatsakanyandan öyrəndiyi bir neçə diplomatik ifadə Paşinyanın beynini çalxalayır

N.Paşinyan Brüsselə səfər etdi, Avropa İttifaqının rəsmiləri ilə görüşdü. Tam uğursuz səfər oldu. Paşinyan demokratiyasını hərraca qoydu, amma pul vermədilər: Paşinyanın demokratiyası işğalçılığa haqq qazandırır. Dağlıq Qarabağ Azərbaycanlılarının sərbəst yerdəyişmə hüququnu tanımır. Ermənistanda mətbuatı qamçılayır.
Viza liberallaşması ilə bağlı deyilənləri ümumiləşdirsək Aİ nin mövqeyində müəyyən qədər geriləmə olduğunu demək olar. Aİ məkanında Paşinyan Dağlıq Qarabağ məsələsinə diametral yanaşma ortalığa qoydu. “Euroaktiv” saytına verdiyi müsahibədə və Avroparlamentin beynəlxalq məsələlər komissiyasında çıxışında Paşinyan Qarabağ məsələsində ötkəmli danışırdı. Qarabağ məsələsi ilə hər şeyin sanki Ermənistanın iradəsindən asılı olduğunu nümayiş etdirirdi. Amma o, bu ötkəmliyi Avrokomissiyanın rəhbərliyi və təmsilçiləri ilə görüşəndə nümayiş etdirə bilmədi.
F.Moqerini açıq şəkildə bildirdi ki, danışıqlarda N.Paşinyan tam yararlı (eks-prezidentlər R.Koçaryan və S.Sərkisyan kimi) və ilkin şərt sürmədən iştirak etməlidir.Yəni Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakını ilkin şərt kimi irəli sürməməlidir. Genişlənmə üzrə avrokomissar Y.Hann ilə mətbuat konfransında “diplomatik savadlı” danışması az qala gərginlik yaradacaqdı.
Paşinyanın “Problemin effektiv həlli üçün Qarabağın danışıqlarda iştirakını tələb edən effektiv format yaratmaq lazımdır” “mədəni” ifadəsinə Y.Hann kəskin şəkildə cavab qaytardı: Yeni dialoq formatı icad etməyə ehtiyac yoxdur. Əvvəlki format yaxşıdır və Dağlıq Qarabağ tənzimlənməsi məhz bu formatda davam etməlidir. Jan-Klod Yunker və D.Tuskun Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirləri də deməyə əsas verir ki, Avropa İttifaqı heç vaxt indiki qədər Dağlıq Qarabağ məsələsində israrlı və qətiyyətli mövqedə olmayıb.
Ermənistanın Avropadakı lobbisi, bütün Ermənistanın gücü, saxta anti-Rusiyaçılığı Aİ-ni Cənubi Qafqaz siyasətini qurmaqdan uzaqlaşdırıb. Aİ indi başa düşür ki, qonşusu Cənubi Qafqazda baş verənlərə nəzarət etməsə kifayət qədər təhlükəli proseslər baş verə bilər. Aİ çox vacib enerji resurslarından və kommunikasiya imkanlarından məhrum ola bilər. Aİ-nin rəhbərliyi indi artıq Ermənistanı tanıyır. Ona görə də N.Paşinyanın hoqqaları effekt vermədi.
N.Paşinyanın intellekt sahibi olmaması onun xeyrinə işləyir. Çünki Ermənistanda və onun ətrafında nəyin baş verdiyini qətiyyən başa düşmür. Elə başa düşür ki, hər şey onun istədiyi kimi gedir. Biz də Paşinyanı intellektual hesab etmirik. Paşinyanı savadlı hesab etsək onun ifadələrindəki ikimənalılığa istinad edəcəyik. Məsələn, “Qarabağ danışıqlarda iştirak etsin deyəndə, Aran Qarabağın da danışıqlarda iştirakını arzulayır” kimi başa düşəcəyik. Amma hələlik Z.Mnatsakanyandan öyrəndiyi 2-3 diplomatik ifadə Paşinyanın beynini çalxalayır.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq