Mübariz Əhmədoğlu: Vyanada Paşinyana dəli köynəyi nümayiş olundu

ATƏT-in Minsk Qrupu həmsədrlərinin eqidası ilə Azərbaycan və Ermənistan liderləri arasında ilk rəsmi görüş keçirildi. Görüşdən əvvəl Ermənistanın baş naziri N.Paşinyan hədsiz radikal bəyanatlar verirdi. Bütün bəyanatların hamısı Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesinə qatılması üzərində qurulmuşdu.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin 9 mart bəyanatı N.Paşinyanın ritorikasına təsir etdi. Paşinyan format dəyişikliyi tezisini müxtəlif aranjemanlarda təqdim edirdi.
Vyana görüşündən sonra yayılan bəyanat və Paşinyanın Avstriyadakı erməni icması ilə görüşdə açıqladığı məqamlar göstərdi ki, N.Paşinyan Dağlıq Qarabağın danışıqlara qoşulması, formatın dəyişdirilməsi fikirlərini unudub.
Dağlıq Qarabağ mövzusu Ermənistanda çox siyasiləşib və dərin qütbləşmə mövcuddur. Ermənistan cəmiyyətində radikal qüvvələr düşüblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın istədiyi rejimdə həllini tapacaq. Amma bu radikalların şəxsi maraqları hələ reallaşmayıb. Ona görə Dağlıq Qarabağ mübarizəsi adı altında həm Paşinyanın komandasının bəzi üzvləri, həm də Samvel Babayan və Jirayr Sefilyan öz siyasi və iqtisadi maraqlarını təmin etmək uğrunda mübarizə aparacaqlar. N.Paşinyan bu mübarizənin qarşısını almaqda acizdir. Paşinyan özünün əvvəlki ritorikasını bu və ya digər formada davam etdirəcəksə ona dəli köynəyi geyindiriləcəkdir. Vyanada 3,5 saatlıq görüş bunu nümayiş etdirdi.
Humanitar layihələrin reallaşdırılması da müəyyən mənada Ermənistan və Azərbaycanda müxtəlif oxumalar yarada bilər. N.Paşinyan Avstriyadakı erməni icması ilə görüşdə ailələrin görüşündən danışdı. Əgər Tavuş vilayətinin Akepar kəndinin ailələri ilə Tovuz rayonun Əlibəyli kəndinin ailələri görüşəcəksə, bunun Dağlıq Qarabağ tənzimlənməsinə elə də ciddi təsiri olmayacaq. Əgər humanitar layihələr dedikdə münaqişədən əziyyət çəkən erməni və azərbaycanlı ailələri xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionundan olan azərbaycanlı və erməni ailələrinin görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dönüş yarada bilər. N.Paşinyan humanitar proseslərdə səmimidirsə 2011-ci ildə Həştərxanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündə imzalanmış bəyannaməyə əməl etməlidir; D.Əsgərov və Ş.Quliyev də daxil olmaqla bütün əsir və girovların dəyişdirilməsi reallaşdırılmalıdır.
Vəziyyəti idarə etmək üçün hal-hazırda 2 variant var:
1. Vasitəçilik missiyasının statusu dəyişdirilməlidir. Nəzəriyyələrdə vasitəçilik missiyasının 3 modeli var:
ı. Texniki vasitəçilik.
ıı. Vasitəçilik niyyətli vasitəçilik.
ııı. Arbitr vasitəçiliyi. Hal-hazırda Minsk Qrupu daha çox texniki vasitəçilik rolunda iştirak edir. Amma onun indi arbitr statuslu vasitəçi olması ehtiyaclı məsələdir: Tərəflərə hüquqi gücə malik sənəd təqdim olunmalıdır.
2. Dağlıq Qarabağa Ermənistandan zərərli ideyalar daşınır. Bunun qarşısını almaqdan ötrü hökmən Dağlıq Qarabağla Ermənistan arasındakı bütün kommunikasiyalar bağlanmalıdır. Əlbəttə, bu hərbi vasitə ilə reallaşdırılacaqdır. Münaqişə regionlarında istifadə hərbi əməliyyatların heç də hamısı müharibə elementi hesab olunmur. Əgər hərbi əməliyyatlar nəticəsində insan ölümü yoxdursa, bu tamam ayrı kateqoriyadır. Ona görə bütün kommunikasiyalar Azərbaycanın hərbi vasitələri hesabına dağıdılmalıdır.
Hərbi-siyasi aksiyanın ən yaxşı nümunəsi minasızlaşdırmadır. Əslində bu sırf hərbi aksiyadır, amma humanitar don geydirilir və nəticədə də əhalinin böyük bir qismi təhlükədən qurtulur. Eynilə o qaydada Dağlıq Qarabağ ermənilərini Ermənistandan gələn təhlükələrdən qorumaq vacibdir. Azərbaycan öz erməni vətəndaşlarına sahib çıxacaq və bütün dünya buna şahid olacaqdır.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq