Britaniya polisi Culian Assanjı həbs edib
Britaniya polisi “WikiLeaks” saytının yaradıcısı Culian Assanjı həbs edib.
1news.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
“Culian Assanj aprelin 11-də Vestminster magistrat məhkəməsinin 2012-ci il iyunun 29-da verdiyi order əsasında Ekvador səfirliyində London polisi tərəfindən həbs olunub”, - polisin məlumatında belə deyilir.
Ekvador hökuməti Assanja diplomatik sığınacaq verməkdən imtina etdikdən sonra polis əməkdaşları ölkənin səfirliyinə dəvət olunub. Britaniyanın xarici işlər naziri Ceremi Hant bu addıma görə Ekvador Prezidenti Lenin Morenoya minnətdarlığını bildirib.“WikiLeaks” isə öz növbəsində Ekvador hakimiyyətinin beynəlxalq hüququ pozaraq Assanjın siyasi sığınacağına son qoyduğunu bəyan edib.
Xatırladaq ki, Culian Assanj 2012-ci ildən siyasi sığınacaq tələbi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənirdi. O, məxfi sənədləri dərc etməkdə ittiham olunduğu ABŞ-a ekstradisiya edilə bilər. Assanj, həmçinin 2010-cu ildə İsveçdə seksual cinayətdə də ittiham edilir.
1news.az