İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

İslahatlara alternativ yoxdur. Son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.
1news.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu dedi.
Qeyd etdi ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirdi, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğuladı.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik”, - deyən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən danışdı.
S.Xankişiyeva