Mübariz Əhmədoğlu: Zurabişvilinin Keşikçidağ monastrı ilə bağlı davranışı siyasiləşmiş mövqedir

Gürcüstan prezidenti Salome Zurabişvili Keşikçidağ monastrı ilə bağlı aktivlik nümayş etdirdi.
Təkcə Gürcüstanın Azərbaycan sərhədi delimitasiya və demarkasiya olunmayıb. Gürcüstan-Ermənistan sərhədləri də delimitasiya və demarkasiya olunmayıb. Gürcüstan-Azərbaycan sərhədi regionun , bəlkə də dünyanın ən sabit və təhlükəsiz sərhədidir.
Gürcüstan-Ermənistan sərhədinin delimitasiya olunmaması isə konkret olaraq narahatlıq yaradan sərhəddir. Çünki son illərdə ən azı 10-a yaxın Gürcüstan Respublikasının milliyyətcə azərbaycanlı vətəndaşı məhz sərhəd pozuculuğu adı ilə həbs olunub, Ermənistanda uzun müddət həbsxanada saxlanılıb. Rəsmi Tbilisi öz vətəndaşı olan azərbaycanlıların müdafiəsi üçün lazımi addımı atmayıb. S.Zurabişvilinin narahatlıq yaradan Ermənistan-Gürcüstan sərhədinin delimitasiyasını qaldırmaması diqqəti çəkir.
Azərbaycanla Gürcüstan bir-biri ilə qarşılıqlı təhlükəsizlik barəsində bir neçə variantda müqavilə imzalayıblar və ikili, üçlü formatda əməkdaşlıq edirlər. Ermənistanla Gürcüstan arasında təhlükəsizlik barədə heç bir müqavilə yoxdur, hətta Ermənistan Gürcüstanın bu məzmundakı təklifini rədd etdi. S.Zurabişvilinin bu da diqqətini cəlb etmir.
Gürcüstan Ermənistana qarşılıqlı hücum etməmək haqqında müqavilə təklif etdi, Ermənistan bunu da rədd etdi. Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanımır, BMT-də və digər beynəlxalq təşkilatlarda səsvermə zamanı heç zaman Gürcüstanın mövqeyini dəstəkləməyib. ABŞ-dakı ermənilər Cavaxetiya regionun inkişafı üçün pul toplamaq niyyətindədir. Bütün bunların hamısı Salome Zurabişvilinin gözünə görünmür.
S.Zurabişvilinin mövqeyi təxribata xidmət edə bilər. Bunu arzulayanlar isə çoxdur:
Heydər Əliyev Fondu dünyanın ən müqəddəs xristian abidələri olan Roma katakombalarının bərpası ilə məşğuldur və bu xahişi Roma Papası edib. Gürcüstan dünya xristianlığında sponsor kimi ad çıxarmış Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rolunu görmür və bu məzmunda Keşikçi dağ məbədinin təmirini “Europa Nostra” təşkilatına sifariş edib. Gürcüstana maliyyə, iqtisadiyyat lazım olanda isə ilk yadlarına düşən Azərbaycan olur. “Europa Nostra” kifayət qədər siyasiləşmiş xristian mövqeli təşkilatdır. O təşkilatın hesablamasına görə Keşikçidağ məbədi dünyanın ən xaraba qalmış 7-ci xristian abidəsi sırasındadır. Başdan ayağa yalandır, ən azı ona görə ki, Suriyada və Yaxın Şərqdə gedən son müharibələr zamanı xeyli xristian abidələri sıradan çıxıb. “Europa Nostra” təşkilatı nədənsə onların heç birisinə fikir vermək istəmir. Heydər Əliyev Fonduna müraciət etməmək Gürcüstanın xoşniyyətliliyinin əlaməti deyil.
Dağlıq Qarabağ tənzimlənməsində vəziyyət Azərbaycanın xeyrinə xeyli dəyişib. Rusiyanın Xİ naziri S.Lavrov artıq publik şəkildə 2 dəfə Azərbaycanın mövqeyini aşkar şəkildə müdafiə edib. S. Zurabişvili Fransada doğulub, erməni mühitində böyüyüb, boya-başa çatmış adamdır. S.Zurabişvili ehtimal ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yaranmış vəziyyətlə əlaqəli ermənilərin narahatlığını bölüşür, xristian dünyasını cəmləşdirmək istəyir.
Baş verənlər Gürcüstanın rəsmilərindən ciddi təhlil tələb edir. İki dövlətin strateji münasibətləri təkcə özləri üçün deyil,region üçün mühüm əhəmiyyətə malikdir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq