Koçaryan yeni hakimiyyətə qarşı mübarizəyə qoşulacağını anons etdi
Ermənistanda güclü müxalifət qüvvələri yaxın gələcəkdə yeni hakimiyyətə meydan oxumaq üçün birləşir və mən onların arasında olmağa ümid edirəm.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə həbsdə olan sabiq prezident Robert Koçaryan “Reuters”ə deyib.
Koçaryan bildirib ki, ona qarşı irəli sürülən ittihamlar siyasi motivlidir və Nikol Paşinyan hökumətini onu qanunsuz olaraq həbsdə saxlayır. edib.
Sabiq prezident deyib ki, Ermənistanda yeni siyasi xadimlər və müxalifət partiyaları yaranır.
"Bu proses, sözsüz ki, tezliklə hakimiyyətə meydan oxuya bilən güclü bir siyasi qüvvənin yaradılmasına gətirib çıxaracaq", - deyə Reuters-in suallarına yazılı cavabda bildirib.
O, formalaşmaqda olan müxalifətə qoşulacağına dair suala belə cavab verib: "Bəli, əlbəttə".
Bununla belə, bu iştirakın hansı formada mümkünlüyü haqqında məlumat verməyib.
Onun sözlərinə görə, ötən ilin yazında baş verənlər inqilab deyildir:
"Mən bunu inqilab adlandırmazdım. Cəmiyyətdə aqressiya, rəhbərliyin populizm və liderlik diletantizminin əhəmiyyətli dərəcədə artması istisna olmaqla ölkədə heç bir dəyişiklik baş verməyib”.
Koçaryan, həmçinin 2008-ci ildə keçirilmiş etiraz aksiyaları zamanı qəbul etdiyi qərarlarını müdafiə edib:
"Yalnız fövqəladə vəziyyətin tətbiqindən sonra nizam-intizam bərpa edildi. Bunu etməmək prezident tərəfindən rəsmi hərəkətsizlik demək olardı”.
P.Sultanova