İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin regionlardan başlamasının qonaqların Azərbaycan haqqında daha geniş məlumata malik olmaları üçün yaxşı imkan yaratdığını bildirdi.
İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelin Azərbaycana ilk səfərini xatırlayaraq, bunu əlaqələrimizin inkişafında tarixi hadisə kimi dəyərləndirdi və səfərin çox uğurla keçdiyini qeyd etdi. Eyni zamanda, Prezident İlham Əliyev özünün də Almaniyaya səfərlərinin münasibətlərimizin möhkəmləndirilməsinə töhfə verdiyini bildirdi.
Dövlətimizin başçısı əməkdaşlığımızın çox yüksək səviyyədə və yaxşı perspektivlərə malik olduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin biznes dairələri arasında da əlaqələrin uğurla inkişaf etdiyini, ölkəmizdə xeyli sayda Almaniya şirkətlərinin müxtəlif layihələrdə iştirakının önəmini vurğuladı. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafı baxımından rolunu qeyd etdi.
Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrs paytaxt Bakının və ölkəmizin regionlarının onlarda böyük təəssürat yaratdığını dedi, həmçinin Qəbələyə səfərləri zamanı məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olduqlarını bildirdi. Yohannes Kahrs Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu xüsusi vurğuladı.
Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirildi, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.
S.Xankişiyeva