Sarkisyandan bəyanat: siyasi mübarizə davam etdiriləcək
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası siyasi mübarizəni davam etdirmək niyyətindədir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Sarkisyanın sədrliyi ilə partiyanın icra orqanının növbəti iclasında qəbul edilmiş bəyanatda deyilir.
Partiya sədrinin müavini Armen Aşotyanın sözlərinə görə, iclasda onlar ölkədəki son daxili siyasi hadisələri müzakirə ediblər, baş nazir Nikol Paşinyanın məhkəmələrə giriş və çıxışları bloklamaq barədə anti-konstitusion çağrışına siyasi və hüquqi qiymətləndirməni təsdiqləyiblər. Bu baxımdan, bir sıra siyasi partiyaların, ictimai və beynəlxalq təşkilatların müvafiq reaksiyasını yüksək dəyərləndiriblər.
Sarkisyanın partiyası demokratiyanı və ölkə konstitusiyasını təhdid edən hadisələrə qarşı siyasi mübarizəni davam etdirməkdə qərarlı olduğunu bəyan edib. Onlar, həmçinin partiyanın modernləşdirilməsi prosesini və beynəlxalq əməkdaşlığın gələcək proqramlarını müzakirə ediblər.
P.Sultanova